"Müəllimlərin işə qəbulunda təhsilin humanistləşməsi, demokratikləşməsi məsələlərinə də önəm vermək lazımdır”.
Bunu "Sherg.az”a müəllimlərin psixoloji hazırlığını qiymətləndirərkən Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyib.
O bildirib ki, müəllimlərimiz demokratik, humanist yanaşmaları qəbul edib, qavrayıb, təlim prosesində tətbiq edə bilmirlər:

"Yaxud, bunu tətbiq edə bilmirlər. Bunu tək psixoloji durumla əlaqələndirməməliyik. Təhsil prosesində demokratik prinsiplər üstün olmadıqca, problemlər də qalacaq. Bu, həm idarəetmədə, həm də təlim prosesində və müəllim-şagird, məktəb-valideyn əməkdaşlığında özünü göstərməlidir.
Buna görə, müəllimlərimiz kökündə demokratik və humanist prinsiplər dayanan islahatlarla tədris prosesini təşkil etməlidir. Lakin bizim müəllimlər buna hazır deyil. İstər yeni məzunlar, istərsə də təcrübəli müəllimlərimiz bu prinsipləri qəbul edə bilmirlər”.
Qeyd edək ki, bu gün Azərbaycanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri məlum olub.
Xatırladaq ki, nəticələri müsbət olan müəllimlər növbəti mərhələdə müsahibədən keçməlidir.
Aysel Aslan