"Terrorda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur" - RƏSMİ




"Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb".

Bu barədə Lent.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın İspaniyadakı səfirliyi bu ölkənin müvafiq qurumları ilə təmasları davam etdirir: "Terror hadisəsinin qurbanı olan bir neçə şəxs var ki hələ onların şəxsiyyəti müəyyən olunmayıb. 

Əlavə məlumat olduğu təqdirdə KİV-ə və ictimaiyyətə xəbər veriləcək. İspaniyanın Barselona şəhərində törədilmiş terror aktlarını qəti şəkildə pisləyirik. Terror hücumları nəticəsində həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır. Barselonada törədilmiş terror hücumları ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniya kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu ünvanlayıb. Xarici işlər naziri Elmar Məmmədyarov da İspaniya Krallığının Xarici işlər naziri Alfonso María Dastisə başsağlığı məktubu göndərib".