Tovuzda raket hissəsi aşkarlandı - FOTO

2020-ci il 31 avqust tarixində saat 18:01-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Tovuz rayonu, Xatınlı kəndi ərazisində top mərmisinə bənzər əşyanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd 9M33 raketinin hava təzyiq akkumulyatoru aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin hissəsinin ətrafında 600 kvadrat metr əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.