Tramp ABŞ-ı uçuruma aparır
Ölkənin daxilində narazılar artır, Prezident isə israrlı görünür
ABŞ Prezidenti Donald Tramp Tomas Homanı ölkənin miqrasiya və gömrük polisinin direktorunun səlahiyyətlərinin icraçısı təyin edib. Homan 30 ildən artıq miqrasiya polisində çalışıb. 2013-cü ildən etibarən ERO idarəsinin direktorunun icraçı müavini vəzifəsində çalışaraq qanunsuz mühacirlərin aşkar edilməsi, həbsi və deportasiyası ilə məşğul olub. Xatırladaq ki,
yanvarın 25-də Donald Tramp ABŞ sərhədlərinin mühafizəsi, eləcə də miqrasiya haqqında fərman imzalayıb.
Eks-prezident Obama Trampın əleyhinə danışdı
Barak Obama ölkədə baş verən etiraz aksiyalarını dəstəklədiyini, insanların dini ayrıseçkiliyə məruz qalmalarına qarşı çıxdığını bəyan edib. Bu, Obamanın ABŞ Prezidenti postundan getdikdən sonrakı ilk bəyanatıdır: "Amerikaya məxsus dəyərlər təhlükə altında olduğundan ilk görmək istədiyimiz şey insanların öz konstitusion hüquqlarına dayanaraq toplaşıb, təşkilatlanıb öz səslərini açıq-aşkar şəkildə eşitdirməyə çalışmalarıdır”.
Prokuror Trampa qarşı iddia qaldıracaq
Vaşinqton ştatının baş prokuroru Bob Ferqüson Trampın qaçqınların qəbulunun dayandırılması və müsəlman ölkələrinin vətəndaşlarının ölkəyə girişinə qadağan olunmasına dair fərmanları ilə bağlı iddia qaldıracaq. Ferqüson Trampa qarşı iddia qaldıran ilk baş prokuror olacaq. Bundan əvvəl 16 ştatın baş prokuroru ABŞ Prezidenti Trampın miqrasiya siyasətinə qarşı birgə bəyanat yayaraq, dövlət başçısının fərmanlarını qeyri-qanuni adlandırıb, ölkənin milli maraqlarına zidd olduğunu bildiriblər.
Tramp Baş prokuroru işdən qovdu...
ABŞ Prezidenti Donald Tramp baş prokuror və Ədliyyə nazirinin səlahiyyətlərini icra edən Salli Yeytsi vəzifəsindən kənarlaşdırıb. Buna səbəb Salli Yeytsin verdiyi son bəyanat olub. Trampın qərarlarının qanuniliyini şübhə altına alan Salli Yeyts bildirib ki, Ədliyyə Nazirliyi Prezidentin miqrasiya ilə bağlı son fərmanlarını məhkəmədə müdafiə etməyəcək. Ağ Evin məlumatına əsasən, Ədliyyə Nazirliyinə müvəqqəti olaraq Virciniya ştatının prokuroru Dana Boente rəhbərlik edəcək.
Xatırladaq ki, Donald Tramp ABŞ baş prokuroru vəzifəsinə Ceff Seşnsın namizədliyini irəli sürüb.
Müsəlman ölkələrindən ABŞ-a "stop”
İraq parlamenti ABŞ vətəndaşlarına ölkəyə girişi qəti qadağan edən qanun layihəsini qəbul edib. Qadağa 90 gün müddətinə qəbul olunub. "ABŞ-ın qəbul etdiyi qanuna cavab tədbiri” adlanan qanunun lehinə iraqlı deputatların əksəriyyəti səs verib. Qanun İraq hökumətinə təqdim olunub. Sənədin İraqdakı amerikalı hərbçilərə, qeyri-hökumət və humanitar təşkilatların mənsublarına, neft şirkətlərinin işçilərinə, habelə İraqa işgüzar məqsədlərlə yollanan ABŞ vətəndaşlarına şamil edilib-edilməyəcəyi isə bəlli deyil.
Tramp etirazlardan sonra geri addım atdı
Donald Tramp ölkənin bir çox şəhər və aeroportlarında kütləvi etiraz aksiyalarından sonra ABŞ-a qayıdan "yaşıl-kart” sahibləri üçün immiqrasiya məhdudiyyətlərini zəiflədib. Yanvarın 30-da Ağ Ev bəyanatla çıxış edib ki, "yaşıl-kart” sahibləri sərbəst surətdə ölkəyə gələ bilərlər.
Tramp mühüm fərman imzalayacaq
ABŞ Prezidenti Donald Tramp yanvarın 31-də kibertəhlükəsizliyə dair fərman imzalayacaq. Fərman kiberməkanda hücum və müdafiə tədbirlərinin təşkili, eləcə də maliyyələşdirilməsi məsələlərini nəzərdə tutacaq. Tramp Nyu-Yorkun sabiq meri Rudolf Culianini kibertəhlükəsizlik məsələləri üzrə koordinator vəzifəsinə təyin edib. Xatırladaq ki, ötən ilin oktyabrından etibarən ABŞ kəşfiyyatının rəsmiləri ölkədəki seçki sisteminin rusiyalı hakerlər tərəfindən hücuma məruz qaldığını bildirib. Vurğulanıb ki, hücumlar Trampın seçkilərdə qələbə qazanması məqsədilə təşkil edilib. Rəsmi Moskva bu ittihamları rədd edir.
ABŞ kürd müxalifətinə zirehli texnikalar göndərib
"Suriya demokratik qüvvələri” bəyan edib ki, Donald Tramp vəzifəsinin icrasına başlayandan sonra ABŞ-ın rəhbərliyi altında antiterror koalisiyası Suriyadakı müttəfiqlərinə dəstəyi artırıb. İlk dəfə olaraq onlara zirehli texnikalar tədarük edib. Müxalifət nümayəndəsi Təlal Selo bildirib ki, zirehli texnika və zirehli nəqliyyatlar 4-5 gün əvvəl çatdırılıb. Onun sözlərinə görə, texnikanın sayı az olsa da, bu, yeni dəstəyi göstərir: "Biz bundan əvvəl belə dəstək almamışıq. Buna qədər, əsasən, yüngül silahlar və döyüş sursatları göndəriblər”. Məlumat üçün deyək ki, alyans, əsasən, kürd bölmələrindən ibarətdir.
Çin generalları: "ABŞ-la müharibə qaçılmazdır”
Çin ordu rəhbərliyi hesab edir ki, Donald Trampın prezidentliyi dövründə ABŞ ilə müharibə qaçılmazdır. ABŞ və Çin Cənub-Çin dənizi ilə bağlı çoxdan mübahisə edirlər. Çin bu dənizə iddia edir, ABŞ isə azad dəniz yollarının saxlanılmasına tərəfdar çıxır. Tramp dəfələrlə Pekinin ünvanına tənqidlər səsləndirib. Tramp Çini Cənubi-Çin dənizində mübahisəli adalarda "qala”lar tikməkdə və Şimali Koreyanı nüvə silahı ambisiyalarının qarşısını almamaqda ittiham edib. O, Çini "valyuta manipulyatoru” adlandırıb. Çinə görə isə ən böyük təhlükə Trampın Barak Obamanın apardığı "vahid Çin siyasətindən” imtina etməsidir. Çin Tayvanı öz ərazisi hesab edir və onu tanıyan dövlətlərlə diplomatik münasibətlər yaratmaqdan imtina edir. Lakin dekabrın sonunda Trampın Tayvan Prezidenti ilə telefonda danışması ABŞ-ın əvvəlki siyasi kursunu şübhə altında qoyub.
"Trampa ümidlər özünü doğrultmaya bilər”
Politoloq İlqar Altay bildirib ki, Trampla Obamanın arasında kəskin fərq var: "Obamadan inciyənlər, yorulanlar, ondan gözləntiləri doğrultmayanlar Trampdan yeniliklər gözləyirlər. Ona böyük ümidlərlə baxırlar. Lakin bu ümidlər özünü doğrultmaya bilər. Hələlik yeni Prezidentin yürütdüyü siyasət barədə proqnoz söyləmək tezdir. Ola bilər ki, Tramp Obamadan da sərt siyasət yürütsün. Çünki yeni rəhbər Amerikanın marağını o dərəcədə öndə qoyur ki, böyük əməkdaşlıqlardan imtina edir. O, Amerikanın sülh maraqlarından çıxış edir. Bu siyasəti yürütməklə Tramp ölkəsini söz sahibi etməklə yanaşı, əvəzedilməz dövlət də edə bilər”. İ.Altay hesab edir ki, Tramp Amerikanın maraqlarını Rusiyaya qurban verməyəcək: "Gözlənilənlərdən fərqli olaraq, Tramp Rusiyaya qarşı daha sərt siyasət yürüdəcək”.
İsmayıl