Türkiyə qabaqlayıcı addım atmalıdır

“İraq rəhbərliyinin Türkiyə ilə bağlı ittihamlar səsləndirməsi obyektivlikdən xeyli uzaqdır”



İraqın Baş naziri Heydər əl-İbadi Bağdadın Ankara ilə savaşmaq istəmədiyini, ancaq buna hazır olduğunu söyləyib. Türkiyənin İraq sərhədinə zirehli hərbi nəqliyyat vasitələri daşımasına münasibət bildirən İbadi "Türkiyənin İraqa hər hansı bir hücumu, öz çöküşlərinə səbəb olacaq” deyib.

Xarici ölkələrin İraqın daxili işlərinə qarışmalarına icazə verməyəcəklərini dilə gətirən İbadi İraqa hücum edən bütün tərəflərə hər cür qarşılığın veriləcəyini deyib. Məlumat üçün bildirək ki, İraqda 62 dövlətin ordusu var. Ölkə İranın təlimatları ilə idarə olunur, dövlətin bir hissəsi isə İŞİD tərəfindən ələ keçirilib. Bundan başqa, Türkiyəni təhdid edən PKK-nın ən böyük sığınacaqları və silah anbarları Şimali İraq ərazisində yerləşir. Lakin bütün bunlara səsini çıxarmayan İbadi hökuməti Türkiyənin öz ərazisini, İraqdakı türkmənləri qorumaq istəyinə qarşı çıxır. İbadinin Türkiyəni təhdid etməsinə münasibət bildirən Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı "Şərq”ə deyib ki, hazırda İraqda normal dövlət quruluşu və müstəqil hökumət yoxdur. Ölkədəki bütün problemlər də bundan qaynaqlanır: "İraqın mərkəzi hökuməti heç paytaxt Bağdadın bütün ərazilərinə hökm edə bilmir. Sadəcə şəhərin müəyyən hissəsində hakimiyyətin sözü keçir. Bu, təəssüf doğuran hal olmaqla yanaşı, eyni zamanda beynəlxalq reallıqdır. Müxtəlif güclərin xaraba qoyduğu İraqda dini, etnik və məzhəbçi qrupların özlərinə məxsus əraziləri, hökmranlıq etdikləri bölgələri var. 13 il əvvəl işğala məruz qalan İraqa ABŞ-la yanaşı, onlarla dövlətin əsgəri gücləri, müxtəlif terrorçu təşkilatlar da daxil olub. Bütün bunlara rəğmən sadəcə Türkiyə ilə bağlı ittihamların səsləndirilməsi obyektivlikdən xeyli uzaqdır. İbadinin son açıqlamaları İraqın milli hakimiyyətinin düşüncəsini yox, həmin hökuməti quran xarici güclərin fikrini əks etdirir”. Ekspertə görə, İraqdakı terrorçu və radikal qruplaşmalar xarici ölkələr tərəfindən dəstəklənir, müdafiə edilir. Ona görə də ölkədə terrorçularla mübarizə aparanlarla yanaşı, onları himayə edən güclərin də maraqları toqquşur: "Amma İraqın mərkəzi hökuməti bunlarla bağlı etirazını bildirmir. Bölgədə baş verənlərdən ən çox zərər görən dövlət isə Türkiyədir. Çünki Yaxın Şərqdə yaşananlar qardaş ölkənin təhlükəsizliyi və ərazi bütövlüyü ilə bağlı ciddi problemlər yaradır. Əgər Ankara hökuməti üzərinə düşəni vaxtında etməzsə, qaynar regiondakı təhlükə Türkiyəyə, oradan isə digər region dövlətlərinə sıçraya bilər. Bu baxımdan Türkiyənin qabaqlayıcı addım atması zəruridir”.

İsmayıl