Türkiyəni İngiltərə üçün imtinaedilməz ortaq edən amillər... - Faktlar sadalanır

Tofiq Abbasov: "Türkiyə isə neçə illərdir yüksəliş dövrünü yaşayır. Bütün sahələrdə Türkiyənin potensialı var. Həmin potensialı isə qarşı tərəflər, rəqiblər bəyənməsə də, hesablaşmalı olurlar"


"Türkiyə Qərb, xüsusilə Avropa İttifaqı üçün çox önəmli dövlətdir”.

Bunu "Sherg.az”a Türkiyə və Qərb arasındakı münasibətlərdən danışarkən politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Türkiyə və Aİ-nin ortaq mal dövriyyəsi 150 milyard dolları aşır:

"Burada hər iki tərəfin qarşılıqlı marağı var və Türkiyə də Avropa bazarını itirmək istəmir. Məsələ budur ki, Avropa İttifaqı daxilən müstəqil siyasət iddiasında olsa da, Amerikanın dediyinə baxır. Donald Tramp hakimiyyətə gələndən sonra isə bütün tərəfdaşlarına bildirdi ki, onun üçün ABŞ-ın maraqları Aİ-nin problemlərindən daha vacibdir. Buna görə, rəsmi Brüsselin gözləntiləri puç oldu. NATO-nun da eyni fikirdə olması Aİ-ə daha da təsir göstərdi.

Avropanın aparıcı dövlətləri olan Fransa və Almaniya dərhal Vaşinqtona bildirdilər ki, əgər belədirsə, daxili işlərimizə qarışmayın. Nəticədə Aİ Türkiyə, Rusiya və digər dövlətlərlə münasibətləri qaydasına salmaq haqqında düşünməyə başladı. Burada əsas iqtisadi məsələlər öndə götürülür. Hərbi-siyasi qarşıdurmalarda isə Aİ və ABŞ eyni cəbhədədirlər”.

Türkiyə-İngiltərə münasibətlərinə də toxunan politoloq deyib ki, Breksitdən sonra İngiltərənin daxilində əlahiddə siyasət işlənməsi gözlənilən idi:

"Böyük Britaniya güclü dövlət kimi perspektiv imkanlara malik olduğuna görə, öz siyasətini milli maraqları üzərində qurmağa çalışır. Türkiyə isə neçə illərdir yüksəliş dövrünü yaşayır. Bütün sahələrdə Türkiyənin potensialı var. Həmin potensialı isə qarşı tərəflər, rəqiblər bəyənməsə də, hesablaşmalı olurlar. Ona görə, Böyük Britaniya Avropa qitəsinin astanasında olan dövlət kimi Türkiyəni qiymətləndirir. Hər iki dövlətin müsbət mənada potensialı var və onlar yeni layihələrə birlikdə başlayıb, böyük fayda əldə edə bilərlər. Ona görə, Türkiyə və İngiltərə elitası açılan yeni imkanlardan istifadə etmək, bunun üzərində rasional konfiqurasiya qurmağa çalışır”.

Qeyd edək ki, İngiltərənin Avropada məsul dövlət naziri Alan Duncan, Türkiyənin İngiltərə üçün imtina edilməz bir ortaq olduğunu ifadə edib. Sherg.az türk mediasına istinadən xəbər verir ki, İngiltərə XİN-dən yayılan şərhdə, Türkiyəyə gələn Duncanın ziyarətinin 17 avqusta qədər davam edəcəyi bildirilir.

Alan Duncan, Türkiyənin İngiltərə üçün imtina edilməz bir ortaq olduğunu ifadə edərək, "Keçən il çevriliş cəhdiylə türk demokratiyasına vurulan zərbəni bir daha qınayıram. Türkiyə artıq vətəndaşlarına və dünyaya hər şeyin normala döndüyünü göstərməlidir. Yaxın bir dostu olaraq İngiltərə, demokratiyanı qoruma səylərində Türkiyəni dəstəkləməyə hazırdı" deyə bildirib.



Aysel Aslan