Yazıçı bu komitəni sərt tənqid etdi: "... Ləğv edilməlidir"




"Ailə münaqişələri, azyaşlıların zorakılığa məruz qalması, intiharı halları kimi problemlər Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılmalı, ciddi ölçü götürülməlidir”.

Bu barədə Sherg.az-a Quba rayonunda 13 yaşlı qızın atası tərəfindən qətlə yetirilməsinə münasibət bildirərkən tanınmış yazıçı-tərcüməçi Nəriman Əbdürrəhmanlı deyib. 

O bildirib ki, belə məsələlərdə məsuliyyətli olan həmin komitə lazımı araşdırmalar aparıb, tədbirlər həyata keçirə bilmirsə, ləğv edilməlidir:

"İnsanların məlumatsızlığından, orta məktəblərdə və Kütləvi İnformasiya Vasitələrində maarifçiliyin  zəifliyindən ailə və uşaq problemlərinin nizama salınması gerçəkləşmir. Artıq sosial sahədə çətinliklər də artıb və müəyyən dövlət qurumları vəzifələrini yerinə yetirə bilmədiyindən cəmiyyətdə belə faciələr baş verir. Bunun başqa izahı ola bilməz. 

Məsələn, ailə münaqişələrində Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi səbəblərini araşdırmalıdır, dəqiqləşdirib, tədbirlər görməlidir. Amma ailədaxili münasibətlər, uşaqların zorakılığa məruz qalması mətbuatda işıqlandırıldıqda həmin qurumun adı belə çəkilmir. Bəs həmin komitə nə ilə məşğul olur? Ailələrin, uşaqların problemlərinin həllində dövlət hər il komitəyə böyük büdcə ayırır. O pullar nəyə sərf edilir ki, belə problemlərin qarşısını ala bilmir? Mətbuatda bununla bağlı məsələ qaldırmaq lazımdır. KİV-lər, daha çox isə televiziyalar bayağı proqramlarının, əttökən verilişlərinin sayını azaldıb, heç olmasa belə ciddi məsələlərin işıqlandırılmasına geniş və peşəkar səviyyədə yanaşmalıdır. İctimaiyyət nümayəndələri, yazıçılar, ziyalılar bu problemlərlə bağlı təəssüfünü ifadə edə bilər. Lakin bunlar ciddi məsələlər olduğundan peşəkar səviyyədə bu məsələyə münasibət göstərilməlidir”.

Qeyd edək ki, Quba rayonunun Alpan kəndində qətl hadisəsi baş verib. APA-nın məlumatına görə, kənd sakini Əşrəf Süleymanov qızı 13 yaşlı Səfurəni bıçaqlayaraq qətlə yetirib.

Ayyət Əhməd