Yazıçı "yox" deyir, kulturoloq isə "hə" - Sosial şəbəkə aranı qatdı

Xeyrəddin Qoca:"Hamıdan xahiş edirəm, yemək-içmək məclislərini feysbukda nümayiş etdirməyin"
Aydınxan Əbilov: "Yetər, bəsdirin! İnsanları bu qədər sıxmaq olmaz. Kiminsə pulu varsa, restorana gedib, yeyib-içirsə, bunu da öz profilində paylaşırsa, kim istəmir, baxmasın"




Son zamanlar insanların restoranlarda, süfrə başında, kabab manqalı ətrafında şəkil çəkdirib sosial şəbəkələrdə paylaşması müzakirə predimetinə çevrilib. Doğrudur, bəzi şəbəkə istifadəçiləri həmin vəziyyəti normal hal kimi dəyərləndirərək bu işdə heç bir qabahətin olmadığını bildirir. Amma əksəriyyət məlum halı acgözlük əlaməti kimi qiymətləndirərək pisləyib. 

Sözügedən durumu bəyənməyənlərdən biri də tanınmış yazıçı Xeyrəddin Qoca olub. O, öz "Facebook” profilində yazdığı statusda buna etirazını ifadə edib. 

Statusu olduğu kimi təqdim edirik:


"Hamıdan xahiş edirəm, yemək-içmək məclislərini feysbukda nümayiş etdirməyin. Bütün insanlar yeyib-içə bilirlər” deyə etirazını bildirib".


Kulturoloq Aydınxan Əbilov isə "Sherg.az”a açıqlamasında deyib ki, bu hallar bütün dünyada var və qəbul olunub. 

Onun sözlərinə görə, müxtəlif ölkələrdə, sosial şəbəkələrlə bərabər mətbuatda da əyləncə mərkəzlərində, restoranlarda çəkilmiş gözəl bədii və sənədli fotolara rast gəlinir:

"Bu baxımdan o insanların haqlarına hörmətlə yanaşmalıyıq. Yemək şəkillərini görmək istəməyən insanların mövqeyinə hörmətlə yanaşsaq da, bu şəkillərin qadağan edilməsini irəli sürə bilmərik. Necə olur ki, azyaşlı uşaqların zorlanması, qəzalar, ölümlər ilə bağlı insanların psixologiyasına mənfi təsir edən informasiyalar tirajlanır, amma müsbət meylli toylar, istirahət şəkilləri paylaşılanda ziyalılarımız hay-küy qaldırır? 

Yetər, bəsdirin! İnsanları bu qədər sıxmaq olmaz. Kiminsə pulu varsa, restorana gedib, yeyib-içirsə, bunu da öz profilində paylaşıbsa, kim istəmir, baxmasın.

 Bütün dünyada sosial şəbəkə hər bir insanın virtual həyatının bir hissəsinə çevrilib. Mən restorana gedirəmsə, niyə şəkil çəkməyim? İnsanlar öz gəlirlərini hara xərcləyir, bu onların şəxsi işidir. Biz həmin düşüncə ilə addım atsaq, indiki restoran və əyləncə mərkəzlərini bağlamalıyıq, yaxud onlar işləməlidirlər.

Bir müddət əvvəl toylarla bağlı şadlıq evlərini tənqid etdik və hazırda bu sahədə böhrandır. Restoranlarda çalışan 100 minə yaxın insana bu vəziyyət təsir edir. Bütün bu insanların işsiz qalmağını hər halda istəmərik.

Eyni zamanda hər zaman real həyatın virtual variantının yaradılmasının tərəfdarı olmuşam. Çünki biz ölkəmizi tanıtmaq, turizmi inkişaf etdirmək istəyirik. Buna görə, restoran sahəsində olan gözəl abu-havanın nümayiş olunması lazımdır. Niyə bunun qarşısını almalıyıq? Necə olur ki, Türkiyə restoranlarında çəkilən şəkillər paylaşılanda əladır, amma sıravi vətəndaşlar bunu etdikdə tənqid edirik?”.

A.Əbilov insanlara Azərbaycanın müxtəlif bölgələrində olan unikal mətbəx mədəniyyətini sosial şəbəkələrdə və mətbuatda yerləşdirmək haqqında çağırış edib:

"Bununla düşmən bizə aid olan dolma, lavaş kimi zəngin kulinariya nümunələrini öz adına çıxarmağa da cəhd etməz.

Amma sözsüz ki, bunun şitini çıxarmaq da düzgün deyil. Bəzən kimsə bir restorana gedir, 150 şəkil paylaşır. Çay içəndən az qala ayaqyoluna gedənə qədər şəkillərini paylaşanlar da var. Bu şəxsləri, sözsüz, tənqid edirik. Ümumən götürdükdə restoran və yemək içməklə bağlı şəkillərin yerləşdirilməsi kriminal olaylara nisbətdə daha müsbət enerji verir. Qoy, bu şəkilləri tənqid edən şəxslər özləri də təhsillərini inkişaf etdirsinlər, yaxşı kariyera qurub, pul qazansınlar və həmin pulla da restoranlarda istirahət edib, şəkillərini paylaşsınlar”.

Aysel ASLAN