"Saqareco və Qardabani rayonlarında azərbaycanlıların torpaq problemlərini dilə gətirdikdə indi məsələni parlamentə daşıyan deputatlar az qala təkzib edirdilər”.
Bu barədə Sherg.az-a Gürcüstan parlamentində azərbaycanlıların torpaq problemlərinin müzakirəsinin nəticələrini şərh edərkən Borçalıdan olan ziyalı Zəlimxan Məmmədli deyib.
O bildirib ki, nəhayət insanların problemləri parlamentə daşınıb, millət vəkilləri Savalan Mirzəyev və Ruslan Hacıyev tərəfindən problemin araşdırılması tələb edilirsə, müsbət irəliləyişə ümid etmək olar:
"Bizim mübarizəmizin əsasında Gürcüstanda yaşayan azərbaycanlıların təməl haqlarının qorunması dayanır. Yəni kəndlinin qanunsuz şəkildə torpağı əlindən alınırsa, bu dolayı və ya birbaşa diskriminasiya, "çıx get” deməkdir. Kəndlilərə əksinə daha müsbət şəraitlər yaradılmalı, kənd təsərrüfatının inkişafı üçün əvəzsiz yardımlar, güzəştli torpaq sahələri ayrılmalıdır. Lakin insanların məlumatsızlığından istifadə edərək onların torpaqlarını ayrı-ayrı iş adamlarına, qapalı, gizli hərraclar keçirib, satmağın özü cinayətdir. Bunu zaman-zaman bəyanatlamızda, hakimiyyət orqanlarına müraciətlərimizdə bildirmişik.
Hazırda parlamentdə bu məsələnin gündəmə gəlməsini doğru hal hesab edirəm. Təbii ki, ora qədər çıxarılıbsa, sadəcə söz olaraq qalmamalıdır. Araşdırılma aparılıb, məsuliyyətlə, soydaşlarımızın haqqı bərpa edilməlidir. Onların torpaqlarının gizli hərracla, ayrı-ayrı işbazlara satılması dayandırılmalıdır. Diqqətə çatdırmaq istəyirəm ki, bəzi yerlərdə investor torpağı alıb, ciddi şəkildə investisiya qoyub, texnika gətirib, işlər həyata keçirib. Belə hallarda ən azı soydaşlarımızın haqqı olan kompensasiyalar ödənilməlidir. Qaraçöp adlandırılan Saqareco bölgəsinin sakinləri əsasən heyvandarlıqla məşğuldur. Düşünün, örüş yerləri ayrı-ayrı sahibkarların əlindədirsə, sakinlər heyvanlarını otarmağa yer tapmırsa, neynəməlidir? Sözsüz ki, onlar heyvanları satıb, onlar həmin ərazilərdən köçərək alternativ yaşam yerləri aramağa məcbur olacaq. Bu da təbii ki, demoqrafik vəziyyətə təsir edəcək”.
Z. Məmmədli parlament üzvlərinə təşəbbüslərinə görə təşəkkür edib və bunların davamlı olmasına ümid etdiyini bildirib:
"Həmin deputatlar sözlərinin arxasında duraraq, Gürcüstan qanunlarına müvafiq şəkildə azərbaycanlıların haqqının bərpasına nail olmalıdırlar. Hər zaman vurğulayıram ki, toponimlər tarixi yaddaşın əsas elementlərindən biridir. Gürcüstanda 90-cı illərdə kütləvi şəkildə 100 illiklərlə tarixi olan kənd adlarının dəyişdirilməsi reallaşdı. Deputatlar bu məsələni də parlamentə daşısalar, daha böyük təşəkkürü bizdən ala bilərlər”.
Qeyd edək ki, ötən gün Gürcüstan parlamentinin "Gürcü arzusu - Sosial Demokratlar” fraksiyasının iclası keçirilib. Tədbirdə iştirak edən Azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonundan parlamentə deputat seçilən Savalan Mirzəyev çıxışında azərbaycanlıları narahat edən problemlərin müvafiq orqanlar tərəfindən dəqiq araşdırılmasını və sənədlərin qaydaya salınmasını tələb edib.
Aysel Aslan