Elşad Miri Aqşin Yeniseyin cavabını video-müraciətlə verəcək


Bir neçə gün əvvəl tanınmış şair Aqşin Yeniseyin Feysbuk profilində ilahiyyatçı-alim Elşad Miri barədə yazdığı status sosial şəbəkə istifadəçilərinin geniş müzakirəsinə, bir qisminin isə etirazına səbəb olub. Şairin narazılıq doğuran statusu digər şəxslər tərəfindən də dəfələrlə paylaşılıb. 

Sözügedən statusda A.Yenisey ilahiyyatçını bir məsələdən dolayı ittiham edərək, yarı ciddi, yarı zarafat onu insanların başını “dinlə yumaqda” suçlayıb: 

“Dostumuz Elşad Miri ilə ANS-dəki debatımız yəqin ki, çoxlarının yadındadır. Mən deyəndə ki, Səudiyyə Ərəbistanında universitet yoxdur, dindar qardaşımız az qaldı studiyanı partlatsın. Bayaq bir dostumuz E.Mirinin övladını ABŞ universitetlərinin birinə yola salarkən çəkdirdiyi şəkli atıb mənə ki, bu da o debatın axırı. Gənc tələbəyə uğurlar arzu edib, demək istəyirəm ki, düzgün seçim edib. Son 500 ildə islam dünyası heç bir yeni ideyaya imza atmayıb. Bele görünür, heç 500 il bundan sonra da atmayacaq. Sadəcə öz övladımızı ABŞ-a oxumağa göndərib, başqalarının övladının beynini dinlə yumağa, ən azı, ata olaraq heç birimizin haqqı yoxdur”.

Statusda bəzi məqamları nəzərə alaraq şairin bəhs etdiyi ilahiyyatçı Elşad Miri ilə əlaqə saxladıq və barəsində yazılmış statusa münasibət öyrəndik. Haqqındakı iddialardan narazılıq ifadə edən ilahiyatçı məlum statusun başqa şəxslər tərəfindən də Feysbukda yayıldığını deyərək, hamısı ilə bir-bir maraqlandığını söylədi: 

“A.Yeniseyin əslində şəxsimə, ailəmə aid özəl bir məsələ ilə bağlı statusunu daha sonra jurnalist Vüsal Məmmədov və “1news.az” saytı gündəmə gətirdi. Yəni, proses iki gün davam etdi. Əlbəttə, bu, yolverilməzdir. Bütün bunları nəzərə alaraq bugün geniş video-material yayacam və iddia edilən məsələlərlə bağlı ətraflı açıqlama verəcəm. Burada təkcə Aqşinin yazdıqlarından söhbət getmir, yazılan şərhlərin arasında bəzi “dindarlar” təhqirəmiz ifadələr səsləndiriblər. “Başı açıq, hicabsız” və s. sözlərlə ailəmə dil uzadıblar. Hazırladığım videoda hamısına aydınlıq gətirəcəm”.