Gülsüm müəllim dəstəkləndi: " Ayıb bir şey yoxdur"



O videoya baxanda hiss olunur ki, xanım işindən zövq alır, ürəyini işinə qoyur, xoşbəxtdir

Azərbaycanın orta məktəblərinin birində müəllimin sinifdə "Məsti Xumar" mahnısına rəqs etməsi sosial şəbəkə və mediada ciddi müzakirələrə səbəb olub. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sözügedən müzakirələrin dəyərləndirildiyini deyib: "Düşünmürük ki, burada nəsə qeyri-adi hadisə baş verib. Sadəcə olaraq, müəllim özünün fərdi iş vaxtında musiqi sədası altında rəqs edib. Burada qeyri-adi və əcaib bir forma görmürük. Hər bir insanın gündəlik həyatında baş verə biləcək bir andır.

Mənə elə gəlir ki, bizim mediada bu hadisəyə aqressiv və tünd rənglərin verilməsi doğru deyil". Sözügedən görüntünün ona aid olduğunu deyən ibtidai sinif müəlliməsi olan Gülsüm Biləndərli videogörüntünün qış tətilində hesabat hazırladığı zaman çəkildiyini deyib: "Bayıldan Qaradağa hər gün məktəbə dərs deməyə gedirəm. Həmin gün səhər saat 08:00-dən saat 15:30-a qədər davamlı statistik məlumatlar hazırlayırdım. Yorğunluğumu, stresimi çıxarmaq üçün özümə məxsus noutbukda musiqi dinləməyə başladım. Oynadım və bu görüntünü həmkarlarıma göndərdim. Dedim ki, mən bu vəziyyətdəyəm, siz necəsiniz? Heç ağlıma gəlməzdi ki, ziyalı adını daşıyan müəllim həmkarım bu yolla məni rüsvay etmək fikrinə düşər. Bu hadisə nə dərs zamanı, nə iş saatımda baş verib". Gülsüm Biləndərli hesab edir ki, sözügedən görüntünü yayan həmkarları onun müəllim adına ləkə salmaq istəyiblər: "Amma bir daha qeyd etmək istəyirəm ki, sözügedən görüntü dərs və iş saatımda baş verməyib. Səhvimdir ki, məktəbdə bu görüntünü çəkmişəm. Hesab edirəm ki, orada məktəb və müəllim adına ləkə gətirəcək nəsə etməmişəm. Hazırda 52 yaşım var. Yaşımın bu çağından sonra da şagirdlərimə ruh yüksəkliyi ilə təhsil vermək gücündəyəm".

Hüquq müdafiəçisi Azər Həsrət hadisənin ictimailəşdirilməsinin xoşagəlməz olduğunu deyib: "Xarici ölkələrdə bir müəllimin öz şagirdlərinə fərqli yanaşmasını, rəsmiyyətdən kənar davranmasını əks etdirən videolar internetdə N qədərdir.

Baxırıq, feyziyab oluruq və bəh-bəhlə sağa-sola paylaşıb, örnək üçün, avropalıların necə açıq və demokratik cəmiyyətdə yaşadığını təbliğ edirik. Deyirik ki, oralar azad olduğu üçün müəllimlər də özlərini belə sərbəst aparmaqdan çəkinmirlər... Amma ki, bənzər bir hadisə bizdə baş verən kimi namus, qeyrət keşikçiləri, din-iman təəssübkeşləri ortalığı toz-dumana bürüyür. Ki, bəs, müəllim utanmır, görün nə hərəkət edir. O videoya baxanda hiss olunur ki, xanım işindən zövq alır, ürəyini işinə qoyur, xoşbəxtdir.

Bu isə uğurun əsas şərtlərindəndir. Əgər bir insan öz işindən zövq alırsa, özünü burada xoşbəxt hiss edirsə, əldə edəcəyi nəticələr də ürəkaçan olmalıdır. Ağlı başında, ictimai rəyə təsir edəcək gücü olanların çoxu Gülsüm müəllimi dəstəklədi. Onun hərəkətinin pozitiv şifrəsini çözüb cəmiyyətə ötürə bildi. Hətta bəziləri qaragüruhu aydınlatmaq üçün rəqs edib internetdə paylaşaraq çox hörmətli müəllimlə eyni sırada dayandı.

Onu təkləmək istəyənlər bir anda qarşılarında cəmiyyətin ən sağlam kəsiminin təpkisini gördülər. Üstəlik, o özəl videonu iznsiz ictimailəşdirən hər kimdirsə, payını almış oldu. Əminik ki, bundan sonra heç kim belə davranıb özəl bilgiləri iznsiz ictimailəşdirən deyil. Dərs olsun yəni… Rəsmi münasibət də ürəkaçan oldu bu məsələdə. Təhsil Nazirliyi qeyri-adi heç nəyin baş vermədiyini bəyan etdi. Əslində, Nazirliyin belə yanaşması da cəmiyyətin təpkisinin inikası idi. Bu, yaxşı haldır. Əgər sahəyə məsul olan ən üst dövlət qurumu cəmiyyətin doğru mövqeyi ilə belə hesablaşırsa, təqdir edilməlidir".

Sosioloq Elçin Bayramlı da hesab edir ki, müəllimin sinifdə tək olanda özü üçün nəsə oxuyub-oynamasında qəbahət yoxdur:

"Heç bir cinayət edilməyib, rüşvət almayıb, məktəbdə tədrisin gedişinə problem yaratmayıb. Burada ayıb bir şey yoxdur, sadəcə, tarixən müəllim bizim gözümüzdə ən uca varlıq olub, ona görə də adi hərəkəti belə müxtəlif cür yozula bilər. Əlbəttə, yaxşı olardı ki, belə hallar videoya çəkilib yayılmasın, təbliğ olunmasın. Müəllimi hörmətsiz etməyə cəhd etmək cəmiyyətimizə ucalıq gətirmir. İnsanlarımıza tövsiyəm odur ki, beş-on İP və ya bəyənmə sayı qazanmaq üçün belə ucuz şoular yayan sayt və ya səhifə adminlərinin toruna düşməsin, onlara əhəmiyyət verilməsin, bu halda belə halları yaymaqda maraqlı olmayacaqlar. İnsanların hissləri üzərindən pul qazanmaq istəyənləri beləcə passiv baykot edərək ortalıqdan çıxara bilərik".