Sahib Məmmədov :“Qlobal pandemiyalar zamanı ehtiyatsızlıq üzündən cinayət törədən şəxslər azad olunurlar”
Koronavirusun tüğyan etdiyi dünyada təhlükənin miqyası böyüdükcə, problemlər də artmaqda davam edir. 462 nəfər yoluxma, 827 ölüm halının qeyə alındığı İtaliyada həbsxanadan qaçanların sayı artıb. Bəs, hazırda Azərbaycan həbsxanalarında koronavirusla bağlı vəziyyət necədir?
Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədovun "Sherg.az"a açıqlamasına görə, dünyada qlobal epidemiyalar yayılan zaman qapalı müəssisələrə nəzarət gücləndirilir:
"Bu nəzarət yalnız penitensiar müəssisələrə aid deyil. Eyni zamanda hərbi hissələr və bu kimi digər müəssisələrdə karantin vəziyyəti alınır. Koronavirusun tüğyan etdiyi İtaliya, İran kimi ölkələrdə vəziyyətə əvvəlcədən nəzarət zəif olduğundan bu qədər gərginlik yaranıb. Azadlıqdan məhrumetmə müəssisələrində penitensiar müəssisələrdə, hətta peşə məktəblərində ciddi etirazlar, çaxnaşmalar baş verib.
Məndə olan məlumata görə, artıq Ədliyyə Nazirliyi məhkumlarla görüşləri maksimum dərəcədə məhdudlaşdırıb və bütün cəzaçəkmə müəssisələrində müvafiq dezinfeksiya tədbirləri həyata keçirilib. Hələ ki Azərbaycanda koronavirus pandemiyasının birinci fazası qeydə alındığından həddindən artıq məhdudlaşdırıcı tədbirlərin görülməsi labüd deyil. Vəziyyətin gərginləşməsi fonunda cəzaçəkmə müəssisələri ilə bağlı da əlavə tədbirlər görüləcəyinə inanıram".
“İranda yeni tip koronavirusun (Covid-19) yayılmasının qarşısını almaq üçün 54 min məhbusa ev icazəsi verilib. Bizdə də belə bir hal mümkündürmü?” sualına gəlincə, ekspert qeyd edib ki, böyük ictimai təhlükə törətməyən, ağır cinayət səbəbindən həbs olunmayan məhbuslara münasibətdə bunu etmək olar:
“Amma ağır cinayətlər törədən şəxsləri evə buraxmaq cəmiyyət və ictimaiyyət üçün təhlükəlidir. Bu sadəcə Azərbaycanda yox, bütün dünyada belədir. Bu cür qlobal pandemiyalar zamanı ehtiyatsızlıq üzündən cinayət törədən şəxslər azad olunurlar. İranda da evə buraxılan məhkumlar arasında ağır cinayət törədənlər yoxdur”.