Bahar xanımın rəhbərliyi ilə komitənin işi birə beş artacaq
"Onunla əməkdaşlıq etmək mənim və eləcə də bu sahə ilə məşğul olan rəfiqələrim üçün çox rahatdır"
Keçmiş vitse-spiker Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 12 mart 2020-ci il tarixli sərəncamı ilə Bahar Muradovaya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsi verilib. Xatırladaq ki, bundan öncə B.Muradova son üç çağırış parlamentin vitse-spikeri olub. Eyni zamanda bu Dövlət Komitəsinin keçmiş rəhbəri Hicran Hüseynova yeni çağırış parlamentin deputatı olub.
Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin rəhbəri, tanınmış hüquq müdafiəçisi və ictimai xadim Novella Cəfəroğlu "Şərq"ə açıqlamasında Bahar Muradovanın Komitə sədri olmasını çox sevindirici və uğurlu bir təyinat kimi dəyərləndirib.
O deyib ki, qadınların yüksək postlara təyini diqqəti cəlb edir və bu prosesi dəstəkləyir: "Bahar xanımı mən bu gün tanımıram. İllərdir onu tanıyan biri olaraq bacarığına, qabiliyyətinə bələdəm. Onunla seminarlarda iştirak etmişik. Həmçinin vitse-spiker olduğu zamanlarda müntəzəm əlaqələrimiz olub. Bahar Muradovanın hər zaman bizə köməyi dəyib, qaldırdığımız məsələlərin həlli üçün çalışıb.
Qadınlara qarşı zorakılıq, hüquq pozulmaları ilə bağlı bütün ərizələrimizi qəbul edib, həllinə çalışıb. Düşünürəm ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məhz Bahar Muradovanın sədr təyin olunması yerində bir təyinatdır. Onunla əməkdaşlıq etmək mənim və eləcə də bu sahə ilə məşğul olan rəfiqələrim üçün çox rahatdır. O da bizim kimi bu xalqın, cəmiyyətin içindən çıxıb. Sənin, mənim kimi sadə bir ailədə böyüyüb. Azərbaycan qadınlarının problemlərinə, bu sahədəki çatışmazlıqlara bələddir. Onun fəaliyyətinin bu sahədə həyata keçirilən layihələrə müsbət təkan verəcəyinə əminəm".
Sözügedən Komitədə kifayət qədər dəyərli və bacarıqlı kadrların olduğunu vurğulayan N.Cəfəroğlunun fikrincə, Bahar xanımın sədrliyi ilə bu Komitənin uğurları birə beş artacaq:
"Xaraktercə çox aktiv və pozitiv xanım olan Bahar Muradova işində də bir o qədər iradəlidir. O, vitse-spiker olduğu zaman səlahiyyətində olmayan məsələlərin belə həllinə nail olurdu. Ona üz tutan heç kəsi də köməksiz, əli boş qaytarmazdı. Hər nə qədər onun məhz parlamentdə qalmasını daha münasib hesab etsəm də, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sədr təyin olunması da məni sevindirdi".