Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.
Şamaxı şəhərinin sakini Əqidə Sadıqova ölkə başçısında yazdığı məktubda bunları izhar edir:
“Möhtərəm cənab Prezident, Sizin koronavirus pandemiyası ilə əlaqədar atdığınız qabaqlayıcı addımların nəticəsidir ki, ölkəmizdə hazırda insan itkiləri çox azdır. “Evdə qal” kampaniyasına Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şamaxı rayon komitəsi də qoşulub. İşçilərin əməkhaqlarının saxlanılması, aztəminatlı ailələrə müavinətın verilməsi, ianələr üçün fondun yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyi təqdirəlayiq işlərdir. “Biz birlikdə güclüyük!” çağırışınız bu gün hər bir Azərbaycan vətəndaşının devizinə çevrilib. Sizin təşəbbüsünüzə biz də qoşularaq yaşlı insanlara, aztəminatlı imkansız ailələrə ərzaq paketi paylamışıq. Etdiyiniz bütün işlərə görə Sizə sonsuz təşəkkürümüzü bildirir və belə bir Prezidentimiz olduğu üçün qürur hissi keçiririk. Hər işdə Sizi dəstəklədiyimizi və arxanızda olduğumuzu bildiririk. Uca Tanrı Sizi və xalqımızı qorusun!”.