Elmin Nuri: Bağçalarda olan şəffaflığa görə daha müsbət nəticləri görəcəyik

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.
Bu barədə Təhsil İnstitundan məlumat verilib.
Bildirilib ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi 27 noyabr-04 dekabr tarixlərini əhatə edəcək.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 27 noyabr saat 11:00-dan 04 dekabr saat 11:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, müsabiqədə pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "Sherg.az"a bildirib ki, məktəbəqədər təhsil müəssisələri ilə bağlı vəziyyət çox acınacaqlı idi:

“Çünki onlar uzunmüddət yerli icra orqanlarının tabeliyində qalmışdılar. Bir növ özlərinin təhsil və tədris funksiyasını itirmək üzrə idilər. Yaxşı ki, bir neçə il bundan öncə verilən qərara əsasən bütün məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin (ETN)  bazasına verildi. İndi onlar məktəbəqədər və ümumi təhsil üzrə dövlətagentliyinin tabeliyindədirlər. ETN-nin  tabeliyinə verildikdən sonra bağçalarla bağlı ciddi audit yoxlamaları və digər təmizləmə işləri aparıldı. İki il bundan əvvəl acı statistika ictimaiyyətə açıqlandı. Yəni bağçalarda metodist və tərbiyəçi işində çalışanların böyük əksəriyyətinin 50 faizdən yuxarısının diplomları yox idi və bəzilərinin diplomları isə saxta idi. Bunlar aşkarlandı, bəzi bağça müdirləri işlərində yol verdikləri neqativ hallara görə uzaqlaşdırıldı və bağçalara işə qəbul imtahan vasitəsilə həyata keçirildi. Bu istiqamətdə xeyli irəliləyişlər oldu. Düşünürəm ki, bağçalarda müdir vəzifələrinə işə qəbulun da, eyni  direktorların işə qəbulu kimi elektron sənəd üzərindən müsabiqə əsasında aparılması alqışlayayiq hadisədir. Amma bağçalarla olan problemlər hələ də qalmaqdadır. Çünki bağçalardakı problemlər üst-üstə gəldiyi üçün hamısının birdən həll olması qeyri-mümkün məsələ idi. Götürülən xətt isə çox uğurludur. Biz bağçalarda olan şəffaflığa görə daha müsbət nəticləri görəcəyik”.