DİM: Bu kimi hallar işimizi çətinləşdirir

“İmtahan prosesinin bütün mərhələlərində şəffaflığın və bərabərliyin təmin edilməsi məqsədilə sistemli və obyektiv nəzarət həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda vacib məqamlardan biri də imtahan prosesinin qaydalara uyğun, obyektiv və şəffaf şəkildə təşkil olunmasıdır. Bütün imtahan iştirakçılarının bərabər şərtlər altında imtahanlarda iştirakı, davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan iştirakçılarının bilikləri qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilir”.

Sherg.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

“Mərkəz imtahan iştirakçılarını maarifləndirmək, onları pozuntu hallarını törətməkdən çəkindirmək məqsədilə mütəmadi olaraq imtahanlardan dərhal sonra hər hansı qayda pozuntusu baş veribsə, bununla bağlı məlumat verir. Bundan əlavə, hüquqi məsuliyyət yaradan və qanunvericiliklə adekvat tədbirlər həyata keçirilən məlumatları ictimaiyyətin diqqətinə çatdırır.

Qaydalara əsasən istər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları müxtəlif üsullarla, zəruri hallarda texnoloji yeniliklərdən istifadə olunmaqla müəyyən olunur və lazımi tədbirlər görülür. Ancaq bu kimi halların baş verməsi Dövlət İmtahan Mərkəzinin də işini çətinləşdirir. Belə ki, Mərkəz imtahanın təhlükəsizliyinin təmin edilməsi və digər bu qəbildən olan üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi üçün əlavə vaxt və insan resurslarını sərf etməli olur. Həmçinin aparılan araşdırmalar imtahan nəticələrinin daha tez açıqlanmasına mane olur”,- məlumatda qeyd olunub.