Arxayınlaşmayın! – “Qaydalara riayət edilməsə, pandemiyanın ikinci dalğası...”  


“Mövcud qaydalara əməl olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir” 



Aprelin 27-dən etibarən xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar əhalidə təhlükənin sovuşduğu əhval-ruhiyyəsi yaranıb. Hamı küçələrə axın etmək üçün mayın 4-nü,  karantin rejiminin bitməsini gözləyir.

Həkimlər isə  hesab edir ki, karantin rejimi bitsə belə  özünütəcrid kampaniyaları davam etməlidir.   Xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verilməməsi, distansiya saxlanması və s. məsələlərə, qaydalara riayət olunması zəruri hal kimi qeyd olunur. 

 Koronavirusla mübarizədə Azərbaycanın kritik həddi keçdiyi deyilsə də, TƏBİB-in işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev hesab edir ki,   bu reallıq  insanların tamamilə arxayınlaşmasına gətirib çıxarmamalıdır: 

"Virusun ikinci dalğası ilə bağlı müəyyən ehtimallar mövcuddur. Buna görə qaydalar yumşalsa belə ehtiyyatı əldən vermək olmaz".

Karantin rejiminin mərhələli şəkildə yumşaldılmasına diqqət çəkən həkim hesab edir ki, öncə istehsal müəssisələri fəaliyyətə başlamalıdır: 

"İnsanların kütləvi toplaşması hələ də çox risklidir. Ona görə də, elə yerlər var ki, onlar açılmamalıdır. 
 Virusa yoluxanların sayı azalsa belə  pandemiya təhlükəsi aktualdır. Yaxşı olar ki insanlarımız əvvəlki qaydada şəxsi gigiyena və sosial izolyasiya tövsiyyələrinə əməl etsinlər. Əgər  qaydalara ciddi riayət edilməsə, pandemiyanın  ikinci dalğası qaçılmaz olacaq".  

TƏBİB-in işçi qrupunun rəhbəri deyib ki, karantin rejimindən mərhələli şəkildə çıxsaq belə  verilən tövsiyələr uzun müddət qüvvədə qalmalıdır:

 "Əhali bilməlidir ki,” COVID-19” xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir.  Əks təqdirdə  virusun ikinci dalğası baş verəcək və bu zaman da  karantin şərtlərinin yenidən sərtləşdirilməsi qaçılmaz olacaq".