“Dövlətimizin dəyərini bilək, çağırışlarına əməl edək. Edək ki, canımız sağlam olsun"
Aprelin 27-dən etibarən xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar əhalidə təhlükənin sovuşduğu əhval-ruhiyyəsi yaranıb. Hamı küçələrə axın etmək üçün mayın 4-nü, karantin rejiminin bitməsini gözləyir.
Aidiyyəti şəxslər hesab edir ki, karantin rejimi bitsə belə özünütəcrid kampaniyaları davam etməlidir. Xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verilməməsi, distansiya saxlanması və s. məsələlərə, qaydalara riayət olunması zəruri hal kimi qeyd olunur.
Siyasi şərhçi Azər Həsrət isə insanların məsuliyyətsiz və ciddiyyətdən uzaq olduğunu deyib. Onun sözlərinə görə, dövlətin bu qədər tədbirlər görməsi, çox mədəni və nəzakətli bir şəkildə həyəcan təbili çalması hələ də bəzi adamlara yetərincə çatmır:
" Bəli, məhz çatmır! Dünya koronavirusla bacara bilmir. Kimlərsə bunun ciddiyyətini fərq etməyə bilər, lakin belədir. Hər gün minlərlə deyil, 10 minlərlə insan bu virusa yoluxur. Minlərlə insan da ölür yoluxma nəticəsində. Azərbaycanda minlərlə olmasa da 10-larla yoluxma qeydə alınır hər gün. Ölüm sayları çox olmasa da bu arxayınlıq üçün əsas vermir. Lakin bir sıra vətəndaşlarımız çoxdan arxayınlaşmış kimi görünür. Ona görə də karantin rejiminin azacıq yumşalması küçələrin dolub-daşmasıyla müşayiət olundu".
A.Həsrətin fikrincə belə gedərsə, nəinki karantin rejiminin uzadılması, hətta fövqəladə vəziyyət elan edilməsi qaçılmaz olacaq. İndi bu küçələrdə gəzməyə çıxanlar, maskasını “unudanlar” dövləti məcbur edəcək ki, fövqəladə vəziyyət elan etsin:
"Bizə bu lazımdırmı? Yaxud ilin-günün bu vaxtında təmiz havada gəzmək varkən kimlərinsə bivecliyi üzündən hələ də evdə qalmağa niyə məcbur olmalıyıq? Tam ciddi deyirik: koronavirusla mübarizədə bir balaca boşluq olsa, bütün millət yoluxacaq. Dövlətin gördüyü tədbirlər, etdiyi çağırışlar da belə bir fəlakətin baş verməməsi üçündür.
İndi hansısa anlamazların küçədə gəzməsi, maskasını unutması üzündən xalqımız bu dərin faciəyə məruz qalmalıdırmı? Lütfən ciddi olaq. Təcrid tələblərinə əməl edək. Evdə qalaq. Özümüzü, əzizlərimizi, ətrafımızı qoruyaq. Bizim yerimizə dövlət lazım olan bütün işləri görür və görməyə də davam edəcək.
Azərbaycan dövləti vətəndaşına sahiblənən dövlətlərdəndir. Dünyada belə dövlətlərin sayı elə də çox deyil. İzləyirik, görürük ki, bəzi dövlətlər hətta ən adi durumlarda vətəndaşlarını taleyin öhdəsinə buraxır. Ona görə də dövlətimizin dəyərini bilək, çağırışlarına əməl edək. Edək ki, canımız sağlam olsun".