“Virusun ikinci dalğasında analoji duruma düşə bilərik”

“Dövlət və tibb işçiləri əlindən gələn tövsiyələri edib, bundan sonra əhalinin üzərinə ikiqat məsuliyyət düşür"




Bakıda xüsusi karantin rejimi mərhələlərlə yumşaldılmağa başlayıb. Birinci gündən etibarən bəzi mağazalar açılıb, xüsusi icazənin vaxtı 1 saat uzadılıb. Karantinin yumşalmasından sonra küçələrdə nəzərəçarpacaq canlanma var. Yollarda avtomobillərin, küçələrdə insanların sayı artıb. Bu isə aidiyyəti şəxsləri narahat edir.

Xüsusən də həkimlər xəbərdarlıq edir ki, karantin rejimi bitsə, belə özünütəcrid kampaniyaları davam etməlidir. Xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verilməməsi, distansiya saxlanması və s. məsələlərə, qaydalara riayət olunması zəruri hal kimi qeyd olunur. 

Qastroenteroloq - infeksionist Nəzrin Mustafayevanın fikrincə, xüsusi karantin rejiminin mərhələlərlə yumşaldılması o demək deyil ki insanlar əvvəlki aktiv həyat tərzinə qayıda bilər: 

"Biz pandemiyadan qorunmaq üçün sosial izolyasiya və şəxsi gigiyena qaydalarına əməl etməsək, yoluxma sayı yenidən arta bilər. Bu isə xüsusi karantin rejiminin daha da sərtləşdirilməsinə zərurət yaradar. Biz son günlər şəhərdə maska ilə gəzən insanların sayının azaldığını, əvəzində isə əl-ələ, qol-qola gəzmələrin çoxaldığını görürük. Sözsüz ki, bu virusa yoluxan insanların sayındakı azalma tendensiyasının yaratdığı arxayınlıqla bağlıdır. İnsanlar anlamır ki, biz daha əvvəl karantin qaydalarına xüsusi ciddiyyətlə riayət etdik deyə, Avropa ölkələrində yaşanan faciəvi hal bizdə baş vermədi. İndi "virus bitib" deyərək sosial izolyasiya və şəxsi gigiyena qaydalarına əməl etməsək, virusun ikinci dalğasında analoji duruma düşə bilərik. Düşünürəm ki, dövlət və tibb işçiləri əlindən gələn xəbərdarlıq və tövsiyyələri edib, bundan sonra əhalinin üzərinə ikiqat məsuliyyət düşür".