“Zirvə görüşü Azərbaycanın nüfuzunun artdığını göstərir” 

“Prezident İlham Əliyevin yüksək liderlik və idarəçilik qabiliyyəti Azərbaycana olan inam və etibarı artırır”


Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib.
 Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü qlobal pandemiyaya - koronavirus xəstəliyinə qarşı mübarizəyə həsr olunub.

Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında Qoşulmama Hərəkatının Təmas Qrupu formatında  “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünun keçirilməsini təqdirəlayiq addım hesab edir.
Onun sözlərinə görə, Zirvə görüşünün keçirilməsi Azərbaycanın həm regionda həm də beynəlxalq aləmdə nüfuzunun zaman keçdikcə daha da artdığının göstəricisidir: 


"Bu gün Azərbaycan həm regional həm də beynəlxalq müstəvidə keçirilən bütün görüş və tədbirlərin aktiv iştirakçısıdır. Və bu istiqamətdə tədbirlərin keçirildiyi əsas məkanlardan birinə çevrilib.  

Azərbaycanın virusla mübarizə sahəsində həyata keçirdiyi uğurlu siyasət və qazandığı təcrübə bu gün bir sıra ölkələr və beynəlxalq qurumlar tərəfindən çox yüksək qiymətləndirilir. Bu gün Azərbaycan dünya ölkələri arasında etibarlı tərəfdaş kimi qəbul edilir və Prezident İlham Əliyevin yüksək liderlik və idarəçilik qabiliyyəti Azərbaycana olan inam və etibarı artırır.
  
Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ilk gündən ölkəmizdə pandemiyanın qarşısının alınması istiqamətində ciddi tədbirlərin həyata keçirilməsinə başlanıldı. Ölkəmizdə virusun ağır fəsadları açıq hiss olunmadı. Prezident İlham Əliyev bir neçə mühüm sərəncam imzaladı. Bu addımlar beynəlxalq aləmdə çox yüksək qiymətləndirildi və Azərbaycanı müsbət nümunəyə çevirdi". 

Bu formatda görüşün  ilk olmadığını vurğulayan C.Məmmədov  əvvəlki günlərdə də videokonfrans formatında bir neçə mühüm görüş keçirildiyini xatırladıb:  

“Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasının keçirilməsi də bu qəbildən olan görüşlərdəndir. Azərbaycan özünə qapanmır, çalışır ki, öz təcrübəsini başqa ölkələr də bölüşsün.  Bu onu göstərir ki, Azərbaycan ölkə daxilində virusla mübarizə aparmaqla yanaşı bu istiqamətdə səylərə də töhfə verməyə çalışır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın bu isitqamətdə səylərini yüksək qiymətləndirərək Prezident İlham Əliyevə bir neçə dəfə təşəkkürünü bildirib".