Kürdə suyun azalması qlobal təbiət hadisəsidir
Son illər yağıntının miqdarı əvvəlkilərdən də az düşüb
Son aylar Kür çayında suyun səviyyəsinin kəskin azalması çayətrafı rayonlarda içməli su problemi yaradıb.
Kür çayının quruması ilə bağlı əhali arasında xüsusi narahatlıq var. Mütəxəssislər isə fərqli iddialar irəli sürür. Bəzi mütəxəssislər Kür çayının qurumasını yağıntların olmaması ilə əlaqələndirirlər.
"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli isə "Şərq"ə müsahibəsində ölkədə yaşanan su qıtlığının təkcə Kürün quruması ilə əlaqəli olmadığını deyib. Onun sözlərinə görə, Ağdam rayonunun Quzanlı kəndində 30 il bundan əvvələ qədər kəndin hər məhəlləsində 400 metrdən çıxan qaynama bulaqlar vardı.
Çox dadlı, yüngül su idi. İnsanlar çay dəmləmək və yemək bişirmək üçün oradan su götürürdülər. Məcburi köçkünlər gələndən sonra ərazidə məskunlaşma artdı, çoxlu subartezian qurğuları vuruldu.
Nəticədə o bulaqlar qurudu. İndi kənddə cəmi bir bulaq qalıb. Ermənilərin Sərsəng su anbarının qarşısını kəsməsi ilə Xaçın çayı, Yuxarı Qarabağdan gələn su arxları qurudu. Bu problem əslində 15 il öncə başlanıb. Bir neçə aydır Kür çayında müşahidə olunan suyun azalması isə prosesi intensivləşdirib. Azərbaycanın ən böyük və daimi axar çaylarından biri olan Kürdə suyun azalması yay aylarında müşahidə olundu. Yəni yaz aylarında belə bir şey yox idi.
Hazırda çayın Neftçala rayonu ərazisindən keçən hissəsində indiyədək rast gəlinməyən hal yaşanır. Xəzər dənizinin suyu Kür çayına axır. Duzlu su artıq 30 kilometrə qədər irəliləyib. Yaranmış durum Neftçala rayonunun sahil boyu yaşayış məntəqələrində artıq bir sıra çətinliklərə də səbəb olub. Kür çayında kəskin azalma əsasən çayın aşağı hissəsində, xüsusən Salyan və Neftçala rayonları ərazisində qeydə alınıb. Çayın bu rayonlardan keçən hissəsində son 15 gündə suyun səviyyəsi 1 metrə yaxın, ötən 3 ay ərzində isə 2,5 metrdən çox aşağı düşüb. Nəticədə Kürün məcrası bəzi ərazilərdə 50 metrdən çox daralıb.
Hətta çayın Salyan ərazisindən keçən hissəsində ada şəkilli quru ərazilər də yaranıb. İlk təəssürat belədir ki, Kürün mənsəbində suyun azalması onun əsas qolu olan Araz çayında suyun azalması ilə bağlıdır. Lakin mütəxəssislər hesab edir ki, Mingəçevir su anbarında suyun səviyyəsi 16 metrə qədər aşağı düşüb. Deməli, bu, təkcə Arazla bağlı deyil. Kürdə suyun azalmasında Türkiyəni günahlandıranlar da var.
Qeyd edək ki, Türkiyənin ətraf mühit və meşə naziri Veysəl Əroğlu hələ 2010-cu ildə Kür çayı ilə bağlı mübahisə doğuran açıqlama vermişdi. Nazir bildirmişdi ki, Kür çayı Türkiyəyə məxsusdur və onun suyunu istədikləri səmtə, yerə axıda bilərlər. İddia olunur ki, Kür suyu Qara dənizə tökülən Çoruh çayına axıdılır. Bu, əkin sahələrinin suvarılması, SES tikintisi və sellərin qarşısının alınması məqsədilə edilir. Kürün mənbəyi Türkiyə ərazisindədir. Lakin beynəlxalq konvensiyalar var. Kürün suyu bir dövlətə məxsus ola bilməz. Kür çayının səmti, təbii axarı hansısa dövlətin ərazisində dəyişdirilərsə, bu, ekoloji və humanitar fəlakətə gətirib çıxara bilər. Çay boyunca formalaşmış bioloji mühit məhv olar. Min hektarlarla ərazi susuz qala, əkin sahələri məhv ola, torpaqlar şoranlaşa bilər. Məncə, Türkiyə hökuməti buna getməz. Mənim fikrimcə, Kürdə suyun azalması qlobal təbiət hadisələrinin: yağıntının azalması, quraqlığın artması ilə bağlıdır. Kürü qidalandıran çaylarda suyun miqdarı azalıb. Son illər yağıntının miqdarı əvvəlkilərdən az düşür. Məsələn, bu qış Abşerona və digər Aran bölgələrinə qar yağmadı. Mənə elə gəlir iri çaylarda suyun azalması müvəqqəti haldır.
- Xəzərin duzlu suyunun şirin suya qarışması bir sıra rayonlarda içməli su qıtlığı yaradıb. Bunun qarşısını necə almaq olar?
- Bizim içməli su mənbələrimiz təkcə Kür çayı deyil axı. Kürdə suyun azalması ilə əlaqədar içməli su problemi yaranmış rayonlarda hələki su maşınlarının köməyi ilə həll edilir. Lakin bu, problemdən müvəqqəti çıxış yoludur. Bu rayonlara içməli su xətləri çəkilməlidir. Müvafiq dövlət qurumlarının verdiyi məlumata görə, bu işə artıq başlanılıb. Yaxın aylarda başa çatacaq.
- Bəzi ölkələr suvarma suyundan istifadədə israfçılığın qarşısını almaqla, su çatışmazlığı probleminin həllinə nail olublar. Azərbaycanda belə bir variantın tətbiqi mümkündürmü?
- Bu, çox aktual məsələdir. Azərbaycanda suvarma sistemlərinin əksəriyyəti Sovet dövründən qalmadır. Bu məsələdə həddindən artıq su itkisinə yol verilir. Su kanallarının dibi torpaqdır. Əslində su plastik, dəmir və beton borularla, kanallarla daşınmalıdır. Su anbarlarının dibi beton deyil. Ölkə prezidentinin bu günlərdə imzaladığı Sərəncam “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda 10 su anbarının yaradılması nəzərdə tutulub. Hesab edirəm ki, yeni qurulacaq su anbarlarında bu məsələ nəzərə alınmalıdır.
- Sizcə, Azərbaycanda mövcud su resurslarından səmərəli istifadə edilirmi?
- Azərbaycanda mövcud su ehtiyatlarından səmərəli istifadə olunmur. İsmayıllı, Quba, Qəbələ rayonlarında daimi və mövsümi axan çaylar var. Bu çayların suları su anbarlarına yığılmalı, oradan lazım olan yerlərə paylanmalıdır.
- Əlavə su mənbələrinin tapılması ilə bağlı da müxtəlif təkliflər var. Buna necə nail olmaq olar?
- İlk növbədə su itkisinin qarşısı alınmalıdır. Mütəxəssislərin fikrincə, Azərbaycanın ərazisində 30 milyard kubmetr su formalaşır. Çalışmaq lazımdır ki, su itkiyə getməsin. Yəni suyun anbarlardan daşınması boru kəmərləri ilə daşınmalıdır. Suvarmada müasir üsullardan istifadə edilməlidir.
- Bəzi ekspertlər hesab edir ki, ölkənin su təsərrüfatı idarəçiliyinin bir mərkəzdən koordinasiya edilməməsi real addımlar atmağa mane olur. Prezidentin müşavirəsində də şahidi olduq ki, hər qurum özünü "süddən çıxmış ağ qaşıq" hesab edib məsuliyyəti digərinə atır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, "Azərenerji" ASC, Meliorasiya və Su Təsərrüfatı ASC bunlardan hansı problemin həllində daha müvəffəq ola bilər?
- Ölkədə su qıtlığı yaranıbsa, bu təkcə təbii amillərlə bağlı deyil. Bu sahəyə nəzarət edən qurumların səhlənkarlığı da təbii ki var. Mənə elə gəlir ki, bu sahəyə nəzarət edən paralel strukturlar ləğv olunmalı, vahid qurum yaradılmalıdır. Su qıtlığı qlobal məsələdir. Bu sahəyə çox ciddi nəzarət vacibdir. Mövcud resurslardan, qaynaqlardan səmərəli və qənaətlə istifadə etsək, Azərbaycanda su qıtlığı ciddi problemə çevrilməyəcək.