Polşa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etməyə hazırdır. Bunu Ermənistanda səfərdə olan Polşa Prezidenti Andjey Duda deyib. O, İrəvanda Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla mətbuat konfransı keçirib. Duda İrəvanın Avropaya yaxınlaşması prosesini dəstəklədiyini bildirib.
Duda qeyd edib ki, Avropa üçün Cənubi Qafqaz regionunda sülhün əldə olunması vacibdir. Ehtiyac olarsa, Varşava Azərbaycanla münasibətlərin normallaşmasına kömək etməyə hazırdır. Ermənistan bizə hər zaman güvənə bilər.
Tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a bildirib ki, bütün dünyaya Polşanın Ukrayna müharibəsində ciddi şəkildə Rusiyaya qarşı çıxdığı məlumdur:
“Hətta zaman-zaman Rusiyaya hücum etmək və hərbi əməliyyatlarda iştirak etmək kimi fəaliyyətləri olub. Eyni zamanda Polşa NATO-nu Rusiyaya qarşı müharibədə qıcıqlandırmaq yolunu tutub. Yəni sözügüdən savaşda Polşa qəti şəkildə Ukrayna və Avropanın yanında durur”.
Ekspert qeyd edib ki, Azərbaycan və Ermənistan münaqişəsində özünü Avropaya inteqrasiya edən dövlət kimi tanıdan Polşa Nikol Paşinyan rejiminə dəstək göstərməkdədir:
“Azərbaycan və Rusiya əlaqələrinin ən yüksək səviyyədə inkişaf etdiyi bir dönəmdə Polşanın Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasına öz töhfəsini vermək təklifi rəsmi Bakı üçün yaxşı nəticələr vəd etmir. Sanki bizi ATƏT-in Minsk qrupuna geri qaytararaq daha sonra ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər. Lakin Azərbaycan belə yolları çoxdan keçib. ATƏT-in Minsk qrupu Azərbaycana heç nə vəd etmədiyi kimi bundan sonra da yaradılan Avropa yönümlü istənilən təşkilatın bizə faydası olmayacaq. İstənilən Avropa dövlətinin Azərbaycan-Ermənistan münaqişəsindəki problemlərin həllində bu və ya digər şəkildə iştirak etməsinə qətiyyətlə rəd cavabı verməliyik”.