Yeni Konstitusiya layihəsi geosiyasi təhdidləri önləməyə yönəlib
Konstitusiyaya təklif edilən dəyişikliklər çərçivəsində Qazaxıstan Prezidentinə deputatların dövlət başçısı tərəfindən irəli sürülən vitse-prezident və baş nazir namizədlərinin təyin olunmasına iki dəfə razılıq verməməsi halında birpalatalı parlamenti - Qurultayı buraxmaq səlahiyyəti verilməsi təklif olunur.
Bu barədə Qazaxıstanın ədliyyə naziri Yerlan Sarsembayev məlumat verib.
Nazir bildirib ki, bu konstitusion norma siyasi qüvvələri kompromis axtarışı və məsuliyyətli davranışa təşviq edəcək.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bundan əvvəl konstitusiyaya dəyişikliklər çərçivəsində ölkədə vitse-prezident vəzifəsinin təsis edilməsini də təklif etmişdi. Bu məsələ də yeni Konstitusiya layihəsinə daxil edilib.
Politoloq İlqar Vəlizadə “Sherg.az”a açıqlamasında bildirib ki, Qazaxıstanda konstitusiyaya təklif edilən bu dəyişiklikləri yalnız ölkədaxili siyasi proseslər kontekstində qiymətləndirmək düzgün olmaz. Onun sözlərinə görə, burada regional və qlobal miqyasda baş verən geosiyasi dəyişikliklər, artan təhlükəsizlik riskləri və yeni çağırışlar mütləq nəzərə alınmalıdır: “Son dövrlərdə həm dünyada, həm də Qazaxıstanın yaxın ətrafında müşahidə olunan qeyri-sabitlik göstərir ki, bir çox hallarda dövlət qərarları çevik və operativ şəkildə qəbul edilməlidir ki, potensial təhdidlərin qarşısı vaxtında alınsın. Qazaxıstanın qonşuluğunda baş verən xoşagəlməz proseslər, səslənən təhlükə və təhdidlər fonunda hərbi-siyasi səfərbərlik amili ön plana çıxır. Belə vəziyyətlərdə ölkənin suverenliyinə qarşı mümkün risklər yaranarsa, dövlət mexanizmi vahid mərkəzdən idarə olunmalı, bütün hakimiyyət institutları eyni strateji məqsədə xidmət etməlidir. Məhz bu baxımdan güclü prezident hakimiyyətinə ehtiyac formalaşır”.
İlqar Vəlizadə vurğulayıb ki, sözügedən konstitusion dəyişikliklər yalnız prezident idarəçiliyinin möhkəmləndirilməsi ilə məhdudlaşmır: “Son illər ərzində Qazaxıstanda parlamentin də siyasi proseslərdə rolu əhəmiyyətli dərəcədə artıb. Parlamentdə müxtəlif mövzularda açıq müzakirələr aparılır, qanun layihələri ciddi şəkildə müzakirə edilir və bəzi hallarda sənədlər müzakirələrdən sonra geri qaytarılaraq təkmilləşdirilir. Bu da qanunverici hakimiyyətin formal deyil, real iştirakını göstərir”. Ekspertin sözlərinə görə, parlamentin adının dəyişdirilərək “Qurultay” adlandırılması təklifi də təsadüfi xarakter daşımır: “ Tarixi baxımdan qurultaylar Qazax xalqının dövlətçilik ənənələrinin mühüm elementi olub. Əzəldən Qazax elinin nümayəndələri bir araya gələrək məsləhətləşir, qurultay keçirir və taleyüklü qərarlar qəbul edirdilər. Hazırkı dəyişikliklər də məhz bu tarixi ənənələrin bərpası və onların müasir dövlət idarəçiliyinə inteqrasiyası kimi qiymətləndirilə bilər. Fikrimcə Qazaxıstan hakimiyyəti bu dəyişikliklərlə bir tərəfdən mövcud geosiyasi reallıqlara uyğunlaşmağa, digər tərəfdən isə cəmiyyətin dinamik inkişafını və dövlət institutlarının daha səmərəli fəaliyyətini təmin etməyə çalışır”.