İmamoğlu gizli eşq yaşayıb?

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) ilə bağlı aparılan araşdırmada adı keçən və prokurorluqdakı ifadəsindən sonra sərbəst buraxılan peşəkar voleybolçu Dərya Çayırgan yayılan iddialarla bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən Çayırgan barəsində dövriyyəyə buraxılan məlumatların əsassız olduğunu bildirib. O, xüsusilə İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş rəhbəri Əkrəm İmamoğlu ilə bağlı irəli sürülən pul və şəxsi münasibət iddialarını qətiyyətlə təkzib edib.

O bildirib ki, heç bir siyasətçidən, o cümlədən Əkrəm İmamoğlundan 50 min avro və ya hər hansı məbləğdə pul almayıb. Onun sözlərinə görə, bu iddialar böhtandır və reallığı əks etdirmir. Voleybolçu İmamoğlu ilə xüsusi münasibətinin olması barədə yayılan məlumatları da iftira adlandırıb.

Peşəkar idman karyerasının 20 ildən çox olduğunu xatırladan Çayırgan "Galatasaray" və "Fənərbağça" kimi klublarda çıxış etdiyini, Avropa səviyyəsində uğurlar qazandığını vurğulayıb. Bildirib ki, əldə etdiyi bütün gəlirlər idman fəaliyyəti, mükafatlar və sponsorluq müqavilələri hesabına formalaşıb.

Sosial mediada yer alan “xüsusi təyyarə” ilə bağlı iddialara da münasibət bildirən Çayırgan heç vaxt özəl təyyarə ilə uçmadığını deyib və bunun rəsmi qeydiyyatlarla sübut oluna biləcəyini qeyd edib.

Hazırda aylıq təxminən 40 min lirə məbləğində kirayə gəliri olduğunu bildirən voleybolçu aktiv idman karyerası davam etsəydi, gəlirinin bazar şərtlərinə görə daha yüksək olacağını qeyd edib.

Çayırgan barəsində yayılan iddialarla bağlı hüquqi addımlar atıldığını, böhtan yayan şəxslər haqqında şikayət və mənəvi təzminat iddiası qaldırıldığını da açıqlayıb.