"Peskovun "sərt" hesab edilən bu sözləri əslində Moskvanın Avropa üzərindəki itirilmiş təsir rıçaqlarını kompensasiya etmək üçün istifadə etdiyi ritorik manevrdir"
Avropa-Rusiya münasibətlərindəki gərginliyin dərinləşdiyi dövrdə Kreml yenidən Qərb siyasi elitasını hədəfə alıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun son bəyanatları Rusiyanın Avropaya yanaşmasında mühüm dönüş nöqtəsinin formalaşdığını göstərir. Peskovun sözlərinə görə, Avropada hakimiyyətdə olan mövcud siyasi nəsil, ABŞ Prezidenti Donald Trampın sərt siyasi manevrləri və təzyiq siyasəti qarşısında müqavimət göstərmək iqtidarında deyil. Kreml sözçüsü hesab edir ki, Avropada uzun illər ərzində formalaşmış ikili standartlar və riyakarlığa əsaslanan siyasi mühit, Aİ ölkələrinin liderlərinin strateji qərarvermə imkanlarını zəiflədib. Bu yanaşma Rusiyanın Avropanı müstəqil qərarverən geosiyasi aktor kimi yox, ABŞ siyasətinə uyğun hərəkət edən tərəfdaş kimi qəbul etdiyini ortaya qoyur. Avropanın Ukrayna müharibəsi çərçivəsində Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyini nəzərə alsaq, rəsmi Moskvanın aqressiv mövqeyi anlaşılandır. Kremlin yanaşmasına görə, mövcud gərginlik təkcə Ukrayna müharibəsi ilə deyil, həm də Avropanın ABŞ-dən asılı geosiyasi siyasəti ilə bağlıdır. Lakin son dövrlərdə nəinki Rusiya, hətta ABŞ-də Avropaya qarşı təzyiq yönümlü siyasət xəttinə üstünlük verir. Qrenlandiya məsələsi ətrafında ABŞ prezidentinin Avropa liderlərini hədəf alan tənqidi bəyanatları mövcud geosiyasi proseslərin məntiqi davamıdır. 
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında bildirib ki, Peskovun bəyanatı, analitik dürüstlükdən çox, Kremlin çoxdandır arzuladığı "parçalanmış Qərb" obrazını yaratmaq cəhdidir:
“Bir politoloq gözü ilə baxsaq, Peskovun bu ritorikası diplomatik təsbit deyil, Avropa paytaxtlarına yönəlmiş psixoloji hücumdur. O, Avropa liderlərini iradəsiz və müstəqil qərar qəbul edə bilməyən fiqurlar kimi təqdim etməklə, həm transatlantik birliyi zəiflətməyə çalışır, həm də Rusiya daxili auditoriyasına "Qərbin sonu gəlir" mesajını verir. Lakin burada ciddi bir məntiq xətası və reallıqdan qopma var. Peskovun "müqavimət göstərməkdə çətinlik çəkirlər" iddiası Avropadakı daxili demokratik müzakirələri və maraqların toqquşmasını səhvən "zəiflik" kimi qələmə verir. Avropa İttifaqı tək mərkəzdən idarə olunan avtoritar sistem deyil. Orada Tramp kimi gözlənilməz bir fiqura qarşı fərqli yanaşmaların olması təbiidir. Amma bu, Peskovun iddia etdiyi kimi "təzyiqə boyun əymək" deyil, sadəcə yeni geosiyasi şərtlərə uyğunlaşma strategiyasıdır”.
T.İsmayılovun sözlərinə görə, Kremlin həvəslə Tramp faktorunu qabartması Rusiyanın özünün də xarici siyasətdə ABŞ-dəki dəyişikliklərdən nə dərəcədə asılı olduğunu göstərir:
“Vəziyyət qətiyyən Peskovun dediyi kimi deyil. Avropa bu gün Ukraynaya yardımdan tutmuş, öz hərbi büdcələrinin artırılmasına qədər bir çox məsələdə Rusiyanın gözlədiyindən daha qətiyyətli addımlar atır. Peskovun "sərt" hesab edilən bu sözləri əslində Moskvanın Avropa üzərindəki itirilmiş təsir rıçaqlarını kompensasiya etmək üçün istifadə etdiyi ritorik manevrdir. O, Avropa liderlərini Trampın qarşısında aciz göstərməyə çalışarkən, əslində Avropanı daha çox özünümüdafiəyə və Vaşinqtondan asılılığı azaltmaq üçün "strateji muxtariyyətə" sövq edir ki, bu da uzun müddətdə Rusiyanın strateji hədəfləri ilə ziddiyyət təşkil edir. Peskovun tənqid hədəfi seçdiyi o "müqavimətsiz" liderlər, əslində Kremlin iqtisadi və enerji şantajlarına qarşı son illərdə ən böyük dirənişi göstərən şəxslərdir”.
Aybəniz Səfərova