"Adından utanan, adını gizlədən adamlar görmüşəm"

Həvva Məmmədova: "Xarici filmlərin, cizgi filmi qəhrəmanlarının adlarını uşaqlara qoymağın nə üstünlüyü ola bilər?"

"Valideyn gərək övladına verəcəyi adın sabah onun həyatında hansı rolu oynaya biləcəyini də nəzərə alsın"


“Öncələr adlarla bağlı hansısa məhdudiyyətlərin olmaması çox gülünc bir vəziyyət yaratmışdı. Təsəvvür edin, uşaqlara maşın, fındıq adları qoyurdular. Bu uşaqlar cəmiyyətdə yaşıdları tərəfindən gülüş hədəfinə çevrilirdilər. Lakin bu gün də adla bağlı problemlər qalır".
Bu barədə Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhan Kərimova deyib.
Xidmət rəisi qeyd edib ki, qeydiyyat şöbələrinə müraciət edənlər arasında hansısa radikal qrupun rəhbəri, üzvü olan şəxslərin adlarını övladlarına qoymaq istəyənlər də var:

"Halbuki, dilimizdə həmin adların daha düzgün yazılış forması var. Elə valideynlər var ki, seriallarda, cizgi filmlərindəki qəhrəmanların adlarını övladlarına qoymaq istəyirlər. Bu adlar sırasında Kiada, Suada, Elizabet də var. Belə adlar qoymaq istəyənlər arasında xaricdə yaşayan vətəndaşlarımız da var ki, övladına yaşadığı ölkənin adını qoymaq istəyir".

Məsələyə münasibət bildirən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova “Şərq”ə açıqlamasında mövzunun aktual olduğunu dedi: 

- “Şərq” qəzetinə təşəkkür edirəm ki, belə aktual mövzuları gündəmdə saxlayır. Yeni doğulmuş körpələrə bəzən uyğunsuz, milli maraqlarımıza zidd adların qoyulması ziyalıları, ictimaiyyəti narahat edir. Adqoyma məsələsində Azərbaycan xalqının gözəl ənənələri var.

Qız övladlarına adətən incəlik, zəriflik bildirən adlar qoyulardı, oğlan uşaqlarına isə igidlik, güc, qüvvət bildirən adlar. Uşağa elə ad qoyulmalıdır ki, böyüyəndə utanmasın. Nə qədər belə hadisələrin şahidi oluruq ki, valideyn, nənə-baba uşağa uyğunsuz, deyilişi, səslənməsi düzgün olmayan, hətta gülüş doğuran adlar qoyublar, uşaq böyüyəndə adını dəyişmək məcburiyyətində qalıb.

Adından utanan, adını gizlədən adamlar görmüşəm. Bu məsələdə vətəndaşlarımızın maariflənməsinə ehtiyac var. Hazırda milli adlarla bağlı xeyli kitablar nəşr olunur, əvvəllər də belə kitablar vardı, valideynlər övladlarına ad seçəndə kitablara istinad edərdilər. Adın mənasına baxardılar, uyğun görünəndə övladına seçdiyi adı qoyardı.

Son zamanlar valideynlər adın mənasına fikir vermədən övladlarına müxtəlif adlar qoyurlar. Bəzən bu adlar bizim xalqa yad adlar olur. Xarici filmlərin, cizgi filmi qəhrəmanlarının adlarını uşaqlara qoymağın nə üstünlüyü ola bilər? Bu filmlərin çoxu bizə yad düşüncələri təlqin edir. Bu filmlərin daşıdığı missiya xalqımızın təmiz, saf, ülvi keyfiyyətlərinə hüç cür uyğun gəlmir. 

Valideynlər gərək savadlı, dünyagörüşlü olsun. Övladına verəcəyi adın sabah onun həyatında hansı rolu oynaya biləcəyini də nəzərə alsın. Ad qoyulması məsələsində həm ailə, həm ümumilikdə cəmiyyət, həmçinin qeydiyyat idarələri də məsuliyyət daşıyır.

Bəlkə hansısa valideyn o qədər sərrast düşüncəyə malik deyil, övladına seçdiyi adın hansı məna daşıdığının fərqinə varmır, o zaman qeydiyyat idarələrinin əməkdaşlarının üzərinə məsuliyyət düşür ki, onları başa salsınlar, doğru qərar vermələrinə kömək etsinlər.

Bu, həm də milli bir məsələdir. Valideynlərimiz övladlarına milli maraqlarımıza uyğun adlar qoymalıdır. Məsələn, mənim adım Həvvadır. Dini addır. “Qurani-Kərim”də haqqında danışılan şəxsin adıdır. Bununla insanlarımızı dini adlara üstünlük verməyə səsləmirəm, xeyr. Sadəcə, ad seçilərkən onu hansı məna daşıdığına diqqət etmələrini istəyirəm.

Dini adlar da qoymaq olar, başqa xalqlarda işlək olan adlardan da istifadə etmək olar. Lakin hər bir işdə olduğu kimi, bu məsələdə də ifrata varmaq olmaz. Hər şey müəyyən ölçü çərçivəsində olsa, yaxşıdır.