DİN-də islahatlar: “Müsbət nəticələr verir”

Son zamanlar sayt və qəzet manşetlərində davamlı olaraq müxtəlif sahələrdə islahatlar, kadr dəyişikliyi barədə xəbərlərə rast gəlinir. Həmin qurumlardan biri də Daxili İşlər Nazirliyidir. Vətəndaşlar öz hüquq və təhlüksizliklərinin layiqincə mühafizəsi üçün DİN əməkdaşlarına arxalanır. Qurumun əməkdaşları yanlışlığa yol verərsə, irad tutulur, əks təqdirdə dərhal vəzifəsindən azad edilir.

Məsələn, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakının Suraxanı Rayon Polis İdarəsinin 30-dan çox yüksək rütbəli əməkdaşını işdən uzaqlaşdırıb. Verilən məlumata görə, həmin şəxslər nöqsanlara görə sərəncama götürülüb. V. Eyvazovun digər əmri ilə kapitan Şəhriyar Hüseynzadə xidmətdə törətdiyi nöqsanlara, eləcə də dəfələrlə 30-cu Polis Şöbə və RPİ rəhbərliyinin iradlarından nəticə çıxarmadığına görə vəzifəsindən azad edilib.



Aparılan islahatlar barədə "Sherg.az"a danışan keçmiş polis rəisi Mahmud Hacıyev Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun atdığı addımları dəyərləndirib:

"V.Eyvazov nazir vəzifəsinə təyin olunandan bəri çox dəyişikliklər edib. Edilən bütün dəyişikliklər özünü müsbət yöndə doğruldur. Sovet dövründə , həmçinin müstəqillik əldə edilən zamanda da belə hadisələr yaşanıb.

Təyin edilən təzə nazir müəyyən infrastruktur və kadr dəyişikliyi edir. Bəzi yoldaşlar təqaüdə göndərildi, vəzifədə dəyişilik baş vermiş oldu.

Hər halda aparılan bütün islahatlar müsbət istiqamətdə nəticəsini verir".