Vahid Əhmədov: “Bu həm Azərbaycan, həm də Türkiyə vətəndaşları üçün əhəmiyyətli qərardır”
Fuad İbrahimov: “Şəxsiyyət vəsiqəsi ilə səfərlərin aparılması iki ölkə arasında bütün sahələr üzrə inteqrasiyanın yüksəlişinə gətirib çıxaracaq”
Bir müddət əvvəl Azərbaycan və Türkiyə hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında sazişə dəyişikliklər edildi. Sazişə əsasən iki ölkə vətəndaşları artıq şəxsiyyət vəsiqəsi və digər sərhədkeçmə sənədləri ilə vizasız səfər edə və ölkə ərazisində 90 gün vizasız qala biləcəklər. Artıq bu qərar Prezident İlham Əliyev tərəfindən təsdiq edilib.
Belə ki, bu qayda Türkiyə ilə Azərbaycan arasında birbaşa səfər edən iki ölkə vətəndaşlarına münasibətdə tətbiq olunacaq. Türkiyə və Azərbaycan ərazisi vasitəsilə üçüncü ölkələrə səfər etmək istəyən vətəndaşlarımız pasportdan istifadə etməlidir.
Şəxsiyyət vəsiqəsi ilə qardaş Türkiyəyə gediş-gəlişlə bağlı "Sherg.az"a danışan millət vəkili, iqtisadçı Vahid Əhmədov bildirib ki, bu qərarın çox böyük əhəmiyyəti var:
"Biz eyni millətik, onlarla gediş-gəlişdə ciddi problem yaranmasın deyə şəxsiyyət vəsiqəsi ilə bu proses mümkün olacaq. Əvvəllər gedib-gəlmək üçün müəyyən prosedurlar həyata keçirilirdi. Qeyd etmək lazımdır ki, bizim biznesmenlər Türkiyədə işləyirlər. Ümumiyyətlə, bu həm Azərbaycan, həm də Türkiyə vətəndaşları üçün əhəmiyyətli qərardır”.
İqtisadçı-ekspert Fuad İbrahimov “Sherg.az"a sözügedən addımın əhəmiyyətindən danışıb:
"İllər boyu bir tarixi kəlam səsləndirilir: "Bir millət iki dövlət”. Bu gün sözün əsl mənasında ideoloji proses həyata keçirilir.
Bu gün şəxsiyyət vəsiqəsi ilə səfərlərin aparılması iki ölkə arasında bütün sahələr üzrə inteqrasiyanın yüksəlişinə gətirib çıxaracaq.
Bunun əlbəttə ki, əhəmiyyəti çox böyükdür. Avropa Birliyində başqa ölkənin vətəndaşı sərhədi yoxlanılmadan keçir. Doğrudan da, bu addım gələcəkdə yüksək inkişafa yol açacaq”.