“Azərbaycan və Türkiyə hazır vəziyyətdə olmalıdır”

Ötənlərdə Azərbaycan və Türkiyə hərbçilərinin birgə döyüş atışlı taktiki təlimi başlayıb. Naxçıvanda keçirilən “Sarsılmaz qardaşlıq - 2021” təliminin ssenarisinə görə, bölmələr praktiki fəaliyyətləri yerinə yetirirlər. Ərazi komandirlər tərəfindən qiymətləndirilir, düşmən mövqelərinə gizli yaxınlaşma istiqamətləri təyin olunur, hərəkət marşrutları mənimsənilir, şəxsi heyyətin fəaliyyəti müxtəlif üsullarla məşq etdirilir.

Sözüsüz ki, son vaxtlar Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi hərbi təlimlər bəzi ölkələrin narahatlığına səbəb olur. Bununla yanaşı, sistemli təlimlərin reallaşması Qarabağda növbəti antiterror əməliyyatının gerçəkləşməsi ehtimalını gündəmə gətirir.

 Təlimin əhəmiyyəti ilə bağlı “Sherg.az”a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert  Şair Ramaldanov bildirib ki, Azərbaycan və Türkiyə orduları arasında sistemli təlimlər keçirilir:

“Düzdür, indiyə qədər də birgə təlimlər baş tuturdu. Amma hazırda daha sıx təşkil edilir. İndiki təlimlər  xüsusi ilə Silahlı Qüvvələrin həm növləri, həm ixtisaslar, həm də xidmətlər üzrə reallaşır”.

Polkovnik qeyd edib ki, Azərbaycanla Türkiyə hüquqi sənəd qəbul edib:

“Həmin sənəd əsnasında ehtiyac olarsa, Azərbaycan ordusu Silahlı Qüvvələri müttəfiq ölkənin, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın maraqlarından çıxış etməyə imkan verir. Hüquqi baza olduqdan sonra gərək iki ordu birgə təlimlər keçirsin. Bu və bundan sonrakı təlimlər də planlıdır. Məqsəd iki qardaş ölkənin birgə fəaliyyət göstərməsi, ordunun döyüş hazırlığını yüksəltmək və müştərək olaraq tapşırıqları yerinə yetirmək üçün hazır olmaqdır. Bundan başqa, koordinasiya, əlaqələndirmə məsələləri, təcrübə mübadilələri də məqsədlərə daxildir”. 

Ş.Ramaldanov diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyənin maraqları məhz regionda stabilliyi qorumaqdır:

“Cənubi Qafqaz çox təhlükəli region sayılır. Burada hər an hər hansı bir təxribat ola bilər. Ona görə də düşünürəm ki, bu təlimlərin keçirilməsi məqsədyönlüdür. Əlbəttə, antiterror fəaliyyəti ilə bağlı təlimlər təşkil edilən ölkələrin cəmiyyətlərində  suallar yaranır. Bu hərbi təlimlərlə bağlı da insanlarda müəyyən suallar yaranır və bu da normaldır”.

Ekspert onu da əlavə edib ki, birgə təlimlər iki ölkənin daxili işidir, heç bir məsələyə yönəlməyib və dostlarımız uğurumuza sevinirlər:

“Düşmənlərə isə bu bir mesajdır ki, Azərbaycanla Türkiyə birgədir. Azərbaycanın maraqları artıq qardaş ölkənin, Türkiyənin maraqları isə Azərbaycanın maraqları kimi qəbul edilməlidir. Hər hansı təhlükə yaranarsa, iki qardaş ölkə birlikdə həmin o təxribatın qarşısını almağa hazır vəziyyətdə olmalıdır”.