Ticarət obyektlərində baş verən yanğın söndürülüb

Bakının Nərimanov rayonunda, “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın söndürülüb.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, hazırda yanğınla əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır.

10:35
"Yanğının söndürülməsinə 21 yanğınsöndürən avtomobili və Fövqəladə Hallar Nazirliyinin (FHN) 105 əməkdaşı cəlb olunub".

"Report" xəbər verir ki, bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisinin müavini Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, "Nəriman Nərimanov" metrosunun yaxınlığında bir-birinə bitişik, birmərtəbəli müxtəlif təyinatlı ticarət obyektlərinin, təxminən, 300 kvm sahəsi yanıb: "Obyektlərə telefon, parça mağazaları və digər müxtəliftəyinatlı obyektlər daxildir. Yaxınlıqda yerləşən yaşayış binaları yanğından tam mühafizə olunub. Yanğın həm daxildən, həm də xaricdən hazırda tam lokallaşdırılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır".

10:27
Fövqəladə Hallar Nazirliyi Bakının Nərimanov rayonunda, “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar məlumat yayıb. 

"Report" xəbər verir ki, məlumatda deyilir: 

"Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Belə ki, saat 08:52-də daxil olan zəngdən cəmi 4 dəqiqə sonra - saat 08:56-da FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıblar. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, metronun çıxışına yaxın ərazidə yerləşən bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyeklərində yanğın baş verib.

Yanğının genişlənməsinin qarşısının alınaraq söndürülməsi və yaxınlıqdakı tikililərə keçməməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. 

Əlavə məlumat veriləcək".

10:15
Bakının Nərimanov rayonunda, “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın lokallaşdırılıb.

“Report”un hadisə yerindəki əməkdaşı xəbər verir ki, alovun yayılması təhlükəsi aradan qaldırılıb.

Hazırda yanğının tam söndürülməsi üzrə işlər davam etdirilir.

10:10
Bakının Nərimanov rayonunda, “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar metronun "Nəriman Nərimanov" stansiyasının giriş-çıxışlarından biri bağlanıb. 

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, stansiyanın yanğın baş verən əraziyə çıxan girişindən sərnişinlərin istifadəsinə məhdudiyyət qoyulub.

Hələlik yanğının qarşısını almaq mümkün olmayıb. 

09:45
Bakının Nərimanov rayonunda, “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar yaxınlıqda yaşayan insanlar təxliyə edilir.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının miqyası böyüyərək digər ticarət obyektlərinə də keçib.

Hazırda hadisə yerinə 10-a yaxın yanğınsöndürmə maşını cəlb olunub.

Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının rəsmiləri gəliblər. 

09:16
Bakının Nərimanov rayonunda, “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində yanğın başlayıb.

"Report" xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.