İqtisadçı: "Hökumət pandemiya başlandığı gündən sosial güzəşt paketlərini təqdim etməyə başladı"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 16-da əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Hazırda dünya ölkələri koronavirus pandemiyasının yaratdığı dərin böhranla üz-üzədir. Hətta ən çox inkişaf etmiş ölkələr belə yaranmış çətinliklər qarşısında aciz qalıblar. Belə bir vaxtda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə ola bilər.

Məlum sərəncamla bağlı “Sherg.az”a danışan iqtisadçı Gündüz Camalzadə bildirib ki, koronavirus pandemiyasının iqtisadi təsirlərinin davam etməsi, ölkələrin yeni maliyyə və enerji böhranları təhlükəsi ilə qarşılaşması, iqlim dəyişiklikləri, regional münaqişələr və s. sözsüz ki, Azərbaycana da təsirsiz ötüşmür.

İqtisadçı qeyd edib ki, hökumət bütün bunları nəzərə alaraq pandemiyanın başlandığı gündən etibarən dünya təcrübələrindən yararlanaraq, sahibkarlıq subyektlərinə, əhalinin sosial müdafiəyə ehtiyacı olan kəsiminə, bank sektorunda kredit ödənişlərinin müddətinin uzadılması, işsizlik və istehsalat ilə bağlı problemlərin aradan qaldırılması üçün müəyyən güzəşt, ödəniş paketləri tətbiq etməyə başladı:

“Sözsüz ki, qarşıdakı illərdə qlobal problemlərin təsiri iqtisadiyyatın müəyyən sahələrində özünü göstərəcək. Məsələn, dünyada və region ölkələrdə infilyasiyanın 2 rəqəmli həddə çatması, real gəlirlərin nominal dəyərinin aşağısında qalması, işsizlik problemləri və.s kimi hallar.
Düşünürəm ki, hökumətin növbəti il hərbi, sosial, iqtisadi və ən əsas işğaldan azad olunan ərazilərin bərpası kimi məsələlərinin həlli üçün xərcləri artıracağını nəzərə alsaq, büdcənin formalaşmasında nəzərdə tutulan yığımların da artması birmənalıdır. Bu yığımlar müəyyən qiymət tənzimlənmələri, istehsalın artırılması, gömrük, vergi kimi maliyə dəstəkləri ilə həyata keçiriləcək”.

G.Camalzadə vurğulayıb ki, növbəti il əməkhaqqının, pensiyanın, aztəminatlı ailələrə olan  sosial dəstəklərin, təqaüdlərin, ümumilikdə əhalinin gəlirlərinin artırılması üçün nəzərdə tutulan iqtisadi siyasət büdcədə olan yığımlar hesabına ödəniləcək:

“Bu kimi ödənişlər əhalinin rifahının yaxşılaşdırılmasına, alım gücünün artırılmasına, real qiymətlərin nominal qiymətlər ilə tarazlaşdırılmasına hesablanılıb”.