Qazidən “Qazi dönər”ə ETİRAZ: “Ucuz "PR"dan əl çəkmirlər!”

Vətəndaşların şəhid və qazilərə diqqəti hər cəhətdən özünü göstərir. İnsanlar onlara sevgi, hörmət və qayğı ilə yanaşır.  Maddi və mənəvi dayaq olur.Təqdirəlayiq addımlar atılır. Ancaq son vaxtlar bəzi nüanslar cəmiyyətdə xoş qarşılanmır. Bu mövzu ilə bağlı sui-istifadə halları çoxalıb. İnsanların həssaslığından öz məqsədləri üçün yararlanırlar. Bu, xüsusilə də, biznes maraqlarında özünü büruzə verir. Belə məsələlərdən biri də “Qazi dönər” adlı kafenin fotosu olub. İnsanlar bu mövzuya mənfi münasibət sərgiləyib.

Bəs “Qazi” adının belə məqsədlər üçün istifadəsi nə dərəcədə doğrudur?  Biz bunu “hörmət”, yoxsa “mənfəət” kimi görməliyik?

Məsələyə münasibət bildirən Qarabağ qazisi Kamil Musavi “Sherg.az”a söyləyib ki, bu cür adların məkanlara və ya yerlərə verilməsinin əleyhinədir:

“Bir insan tanınanda onunla bağlı hər şey diqqət mərkəzində olur. Qazilər isə, xüsusi yer tutur. Buna görə də onlarla bağlı hər şeyə tələbat var. Lakin “Qazi” adından bu cür istifadə etmək yolverilməzdir. Qazi adı o səviyyəyə düşəcək ad deyil”.
K. Musavi bu cür qazancların iziylə getmədiyini vurğulayıb:  

“Mənə müəyyən təkliflər olub. İcazə istəniləndə verməmişəm. Qazi adını qorumaq üçün belə şeyləri qəbul etməmişəm. Təəssüf, müşahidələrim olur. Məsələn, maşınların arxasına "qazi" yazılır, bəzi obyektlərə bu ad verilir və.s. Heç vaxt bunları qəbul etməmişəm”.

Qazi bu adın davranışlarımızla, əməllərimizlə, vətənpərliyimizlə ucala biləcəyindən bəhs edib:

“Qazi adı daha yüksək mövqelərdə olmalıdır. Maşınıma əlil işarəsini belə vurmağa utanmışam. Kimsə kənardan fikirləşməsin ki, bu addan istifadə edirəm. Sıravi vətandaşam. Düzdür, insanlar özləri yaxınlaşıb xoş rəftar göstərir. Amma müharibədə canımızı qoyduq deyə insanlara yuxarıdan-aşağı baxa bilmərik. Biz belə şeylərə görə utanıb çəkinirik. Amma insanlar bu ucuz "PR"dan əl çəkmir!”.

Cəmilə ƏZİM