Dövlət hər bir uşağın əsas himayəçisidir

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Mehriban Zeynalova: "Əgər valideyn övladlarına baxa bilmirsə, onların ehtiyaclarını qarşılamaq iqtidarında deyilsə, uşaqları dövlətə əmanət etməlidir"

"Uşaqlarla bağlı istənilən sahədə çalışan hər bir şəxs bu məsuliyyəti anlamalı, öz üzərinə düşən vətəndaşlıq vəzifələrini peşəkarlıqla və layiqincə yerinə yetirməlidir"


Hər bir Azərbaycan vətəndaşının əsas himayədarı dövlətdir. Vətəndaş hüquqlarının qorunması dövlət siyasətinin prioritetlərinə daxildir və bu amil özünü uşaqların müdafiəsində də göstərir. Son illərdə xüsusi diqqət ayrılan sahələrdən biri azyaşlıların sağlamlığı, fiziki inkişafıdır.

Uşaqların sağlam böyüməsi, cəmiyyətə yararlı vətəndaş olmaları üçün uşaq müəssiəslərinin fəaliyətinə son illərdə nəzarət daha da artırılıb. Eyni zamanda valideyn himayəsindən məhrum uşaqlar, həmçinin şəhid, müharibə iştirakçılarının övladları da dövlət qayğısı ilə əhatə olunur. Uşaqlarla bağlı yaşanan hər hansı hadisəyə operativ reaksiya verilir, aidiyyəti dövlət qurumları məsələni nəzarətə götürür, problemin həllinə çalışırlar. Bir neçə gün əvvəl sosial şəbəkələrdə Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə yaşayan azyaşlılarla bağlı video yayıldıqdan sonra məsələ dövlət orqanları tərəfindən nəzarətə götürüldü. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatında qeyd olunurdu ki, yayılan videogörüntülərlə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyəti, Polis Şöbəsi, eləcə də digər aidiyyəti qurumların əməkdaşları Şamaxı rayonu İkinci Çaylı kəndində uşaqların baxımsız vəziyyətdə yaşadıqları ünvanda olub, vəziyyətlə yerində maraqlanıblar. Qeyd edilib ki, orada yaşayan beş azyaşlıyla bağlı müvafiq qərar qəbul edilənədək onlar rayon ərazisində başqa bir şəraitli ünvana yerləşdirilib. Sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətləri Agentliyi hadisə ilə bağlı məlumat açıqladı. Agentliyin mətbuat xidmətinin rəhbəri Murad Haşımov bildirdi ki, Şamaxının İkinci Çaylı kəndində 5 azyaşlı uşağın baxımsız vəziyyətdə yaşadıqları barədə yayılan məlumat araşdırılıb. Araşdırma nəticəsində uşaqların məişət zorakılığı ilə üzləşdiyi müəyyən edilib. Bu səbəbdən də uşaqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün nəzərdə tutulan sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilməsi qərara alınıb. M.Haşımov qeyd edib ki, uşaqlar məişət zorakılığından zərərçəkənlərlə bağlı xüsusi şöbədə reabilitasiya prosesi keçəcəklər. Prosesin davamında uşaqların reabilitasiyasının nəticəsinə uyğun olaraq onların rifahı üçün aidiyyəti tədbirlər görülməsi barədə qərar qəbul ediləcək. Uşaqlara qarşı valideynləri tərəfindən zorakılıq olduqda onların valideynlikdən məhrum edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılır. Bunu isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi brifinqdə komitənin Hüquq şöbəsinin müdiri Taliyyə İbrahimova bildirib. Şöbə müdiri vurğulayıb ki, valideyn hətta inzibati və cinayət məsuliyyətinə də cəlb oluna bilər: ”Hər bir hərəkətdə valideyn uşağın mənafeyini hər şeydən üstün tutmalıdır. Üstün tutmadığı halda valideynlik hüququndan sui-istifadə halı kimi qeydə alına və qəyyumluq işinə baxıla bilər. Valideynlər uşaqlarına qarşı tərbiyə məqsədilə zorakılıq hallarına yol verməməlidirlər. Bu cür hallar uşaqlarda travma yaradır və bunun təsirləri uzun illər onlarda qalır. "Mənim övladımdır, özüm bilərəm", deyib, zorakılığa haqq qazandırmaq yolverilməzdir".

Məlum hadisə ilə balı “Şərq”ə danışan “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, ölkədə uşaq hüquqlarının təmin edilməsinə nəzarət dövlət tərəfindən həyata keçirilir:

- İstər uşaq müəssisəsinin rəhbərliyi olsun, istərsə də uşağın doğma ata-anası, heç kim uşaqlarla zorakı davranmamalı, onlara işgəncə verməməlidir. Təəssüf ki, son zamanlar orta məktəblərdə, uşaq bağçalarında xoşagəlməz hallar yaşanır. Eləcə də ailələrdə uşaqlara qarşı zorakılıq faktları baş verir. Dövlət hər bir uşağın əsas himayəçisidir. Ölkədə internat məktəblər, uşaq evləri var. Əgər valideyn övladlarına baxa bilmirsə, onların ehtiyaclarını qarşılamaq iqtidarında deyilsə, uşaqları dövlətə əmanət etməlidir. Dövlət bütün hallarda hər bir uşağa sahib çıxır. Daha uşaqları baxımsız vəziyyətdə qoyub harasa getmək nəyə lazımdır?!.

M.Zeynalova qeyd etdi ki, belə hallar baş verdikdə baxımsız uşaqlar xüsusi sığınacaqlara yerləşdirilir:

- Bu sığınacaqlarda hər bir şərait var. Dövlət qidayla, geyimlə təmin edir. Əgər məktəb yaşlı uşaqlardırsa, təhsillərini davam etdirmələri də dövlət tərəfindən təmin edilir. Onların özlərini inkişaf etdirməsi və inklüziv cəmiyyətdə böyüməsi üçün lazımi tədbirlər görülür. Azyaşlılar da həmçinin, qayğı ilə əhatə olunur. Valideynlər bilməlidir ki, uşaqlara qarşı zorakılıq cinayət məsuliyyətidir. Və ana və ya ata olmaları onları bu məsuliyyətdən azad etməyəcək. Dövlət hər bir uşağı himayə etmək gücündədir. Ölkəmizə, sağlam, mənəvi cəhətdən zəngin vətəndaşlar lazımdır. Bu istiqamətdə də dövlət siyasəti yürüdülür. Uşaqlarla bağlı istənilən sahədə çalışan hər bir şəxs bu məsuliyyəti anlamalı, öz üzərinə düşən vətəndaşlıq vəzifələrini peşəkarlıqla və layiqincə yerinə yetirməlidir.

Bir faktı qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün nəzərdə tutulan sığınacaq və sosial reabilitasiya müəssisəsində hazırda 113 şəxsə sosial xidmət göstərilir. Onlardan 59-u kişi, 54-ü qadındır. Müəssisədə müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti mövcuddur. Burada müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, görmə qabiliyyəti məhdudluğu olan şəxslər və məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbələri fəaliyyət göstərir. Şöbələrə qəbul olunan şəxslər stasionar şəraitdə sosial xdmətlərlə təmin olunur və onların normal həyat tərzinə qayıdışı, sosial adaptasiyası və reabilitasiyası işləri aparılır.