Gəncədə körpəsini atan qadının axtarışına başlanılıb
Kəmalə Ağazadə: "Körpənin tibbi müayinələrini təşkil etdik"
Gəncədə ana körpəsini başqasına verərək qaçıb. Bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, qadın körpəni başqa ailəyə verərkən "uşağa bax, pulunu verəcəyəm" deyib və yoxa çıxıb:
"Problem "Səni axtarıram" proqramında qaldırılıb. Hadisənin müzakirəsində daha dəhşətli iddiaların ortaya çıxdığı aşkarlanıb. Ən acınacaqlısı isə gələn zənglər arasında axtarılan ananın bu uşaqdan başqa daha 2 uşağının olduğu, onlara da nənə-babanın baxdığıdır. Körpə barədə məlumatları aktlaşdırıb Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə gətirdik. Dərhal həkim dəvət etdik. İlkin müalicələr yazılıb. Uşağın anası Əliyeva Nərgiz Cumalı qızıdır. Belə anaya uşaq verilməməlidir! Səbəbi nə olursa olsun! Daha bir arzuolunmaz, qayğılı uşaq. Biz onu sevgi ilə böyüdəcəyik. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gəncə Şəhər İcra Hakimiyyəti də məlumatlıdır. Ana uşağı verəndə özünü hakim köməkçisi kimi təqdim edib və pulunu verəcəyini deyib. Aprelin 11-dən uşağı verib və daha yaxın durmayıb. Bu halların qarşısını almaq üçün bu anaları tapıb, səhvlərini üzlərinə vurmaq lazımdır. Hətta alimentin alınması məsələsinə də baxılmalıdır. Bəlkə o zaman bütün bu problemlər azalar. Dünəndən artıq uşaq bizim yanımızdadır".
Üzücü olayı daha geniş şəkildə "Şərq"ə şərh edən K.Ağazadə deyib ki, uşağı götürüblər:
"Ötən gün məhkəmə və hüquq mühafizə orqanlarına bir daha ərazimiz üzrə məlumat verdik. Onlar da, İcra Hakimiyyəti də böyük ehtimalla bu gün uşağın vəziyyətini qiymətləndirəcəklər. Dünən körpənin dərhal tibbi müayinələrini təşkil etdik. Uşağın səhhəti kafi hesab edilir. Müalicə olunur. Qadının üzə çıxması üzrə iş gedir".