İntiharlar artır... – “Qəbuldan kəsilən, sevgilisindən ayrılan, nişanı qayıdan...” – Nə etməli? 

Ölüm adiləşir... Araşdırmalar göstərir ki, son on ildə bütün dünyada intihar halları artıb. İntihar dözülməz dərdlərin, daşınmaz məsuliyyətlərin, çaşmış, pozulmuş, gücü zəifləmiş qürurun seçdiyi bir "həll yoludur". Azərbaycandakı dəhşətli statistika da bunun isbatıdır. Mayın 10-nu və 11-də 8 intihar hadisəsi yaşanıb.Onlardan 6-sı özünü asıb, 2-si isə digər üsullarla həyatlarından keçib.. İntihar hadisələrinin dəqiq səbəbləri açıqlanmayıb.

Özünəqəsd olayları ilə bağlı "Sherg.az"a danışan psixoloq Əfsanə Rüstəmovanın qənaətincə, ölüm hər kəs üçün qaçılmazdır:

"İnsan bu reallığa agah olanda ölüm artıq onu qorxutmur. Bura qədər hər şey doğrudur, yanlış isə insanın öz ölüm vaxtına qərar vermək istəyidir. 

Ölüm səbəbi axtarsanız, böyük həcmdə “alternativlərin yoxluğu" səbəbiylə əlaqələndirə bilərik. Çarəsizlikdən insanlar ölümə  əl atırlar. Başqa yol, çarə,  alternativ tapa bilmədikləri üçün həyatlarını sonlandırırlar. 

Əgər biz faydalı olmaq istəyiriksə, çətin və ya çıxılmaz situasiya kimi görünən təcrübələrin davamında nələr yaşandığıyla bağlı audio, video, yazılı və ya görsəl materiallar hazırlanmalıdır. 

İnsanlar öz gözləri ilə görüb,  qulaqları ilə eşitməlidilər ki, ali məktəbə qəbuldan kəsilən, sevgilisindən ayrılan, nişanı qayıdan, boşanan, universitetdən qovulan, işdən uzaqlaşdırılan və s kimi təcrübədə insanların həyatları növbəti dönəmdə hansı mərhələlərdən keçir.  Sadaladıqlarım motivatorların danışdıqları uğur hekayələri deyil. 

"Nə edə bilərəm?" sualına cavab axtaran insanların gözləntilərini qarşılayacaq mahiyyətdə olmalıdır. Çünki insanlar bilmədikləri üçün ölür, bilsələr, ölməzlər".