"Səhər -səhər telefon zənginə ayıldım. Populyar saytlardan biri idi...Məmməd Arazın adına olan küçədə adı yazılmış lövhənin qopub düşdüyünü və yerinə vurulmadığını söylədi jurnalist və mənim fikrimi soruşdu".
"Sherg.az" xəbər verir ki, bu barədə Azərbaycanın mərhum xalq şairi Məmməd Arazın qızı, "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay bildirib. Baş yazar qeyd edib: "Bir az çaşqın vəziyyətdə qaldım -mənim fikrim nə ola bilər ki? Məndən olsa ölkə ancaq gülüstan olar. Və mən hər gün gedib atamın adı olan yerlərdə növbə çəkə bilmərəm. Bu dövlət qurumlarının işidir... Ona qalsa indi övladları olmayan klassiklərin adlarını kim qorumalıdı? Şükür ki,yazı əhli hələ tanıyır yazı qoyub getmiş adamları...Şükür...".
Qeyd edək ki, Bakının Nərimanov rayonu ərazisindəki qoparaq yerə düşən küçənin adını göstərən lövhə bərpa edilib. Bu barədə Oxu.Az-a ərazi üzrə cavabdeh olan 35 saylı Mənzil Kommunal İstismar Sahəsindən məlumat verilib. Bildirilib ki, daxil olan məlumat əsasında, dərhal aidiyyəti üzrə əməkdaşlar əraziyə göndərilib, lövhə təyinatı üzrə yerinə bərpa edilib.