Məktəb minlərlə müəllim və şagirdi özündə birləşdirən böyük bir ailədir. Ailənin rəhbəri sayılan direktorun əsas vəzifəsi isə məktəb üçün düzgün istiqamətlər müəyyənləşdirmək, kreativ düşünən müəllimləri dəstəkləməkdir. Lakin bəzən məktəb direktorlarının kobud davranışları tənqid hədəfinə çevrilir. Bu sayaq xəbərlər qəzet və sayt manşetlərini "bəzəyir". Bu dəfə isə məktəb direktorunun addımı tənqid deyil, təqdir edilib. Hətta rəğbətlə qarşılanıb.
Bakı şəhər Yasamal rayonunda yerləşən 13 saylı məktəbin direktoru Yaqut Sadıqovanın yer aldığı görüntülər sosial şəbəkədə böyük marağa səbəb olub.
Sözügedən kadrlarda direktorun xadimələrlə birlikdə məktəbin bağçasında təmizlik işləri aparması görüntüləri yer alıb. Direktorların çox zaman birmənalı qarşılanmayan addımlarına şahid olan ictimaiyyət bu görüntünü alqışlayıb.
Mövzu ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndinin qənaətincə, məktəb rəhbəri liderlik xüsusiyyətlərinə cavab verməlidir:
"Bütün kollektiv üçün nümunəvi davranmalıdır. Hər hansı iş görülürsə, məktəb direktoru da qollarını çırmalayıb əlini yetirirsə, istənilən durumda təqdirəlayiqdir. Bəziləri müxtəlif fikirlər səsləndirir. Ən azından "o bunu edir" prizmasından yanaşmaq daha yaxşıdır.
Yaqut xanımın son dövr gördüyü işləri özüm təqdir edirəm. Düşünürəm ki, təkcə Yaqut xanım yox, digər məktəb direktorları da bu tip məsələlərdə həmrəylik göstərilməlidir. Direktor sadəcə otağında əyləşib göstəriş verməməlidir".