Uşaqları quma basdırmaqla, dəniz havası ilə yod ehtiyacını bərpa etmək mümkün deyil
Rusiyada Başkiriya bölgəsində “Moloçnaya kuxnya” məhsulları içərisində yeni yodlu yoqurtlar satışa çıxarılır. Məktəb bufetləri və bağçalarda uşaqlara bu yoqurt veriləcək.
Ölkənin baş dietoloqu Ruşaniya Yalalova bildirib ki, respublikada ciddi yod defisiti var, torpaqda və suda kəskin çatışmazlıq olduğu üçün əhali, xüsusən uşaqların orqanizmində həyati vacib yod defisiti artır. Ona görə uşaq qidalarını yodla zənginləşdirmək qərarı aldıq.
İstehsalçı şirkətin direktoru bildirib ki, yodlu yoqurtun resepti Rospotrebnadzorun tövsiyələri ilə hazırlanıb. Bioyod dad, qoxuya malik deyil, süddə asan həll olur. Uşaqlar yoqurtun dadında heç nə hiss etməyəcək.
Qeyd edək ki, Azərbaycan da yoddan defisit ölkələr sırasındadır. Mütəxəssislər hələ sovet dövründən Azərbaycanın yod defisiti olan ərazi və ölkələr siyahısında olduğunu bildirir. Belə ki, genetik olaraq yod defisiti nəsillərə ötürülür, həmçinin su və duzda yodsuzluq problemlər yaradır.
Bəs, Azərbaycanda yod çatışmazlığının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Fizioloq, fəlsəfə doktoru Rəşid Mahmudov yodun orqanizmdə vacib rol oynayan elementlərdən biri olduğunu deyib. Onun sözlərinə görə, orqanizm yod sintez edə bilmədiyinə görə ona olan tələbat qidalar vasitəsilə ödənilir: “Yod atmosfer yağıntıları vasitəsilə torpağa və suya hopur, onun funksiyası qalxanvari vəzin hormonlarının sintezini tənzimləməkdir. Orqanizmdə yoda olan gündəlik tələbat 100-150 mikroqramdır”.
Orqanizmdə yod çatışmazlığının səbəb olduğu sağlamlıq problemlərinə toxunan həkim deyib ki, yodun lazımi miqdarda olmaması endemik ur, hipotireoz, baş-beynin funksiyasının pozulması, yaddaş, eşitmə və görmə qabiliyyətinin zəifləməsi, apatiya, konyunktivit, qəbizlik, dəri və selikli qişalarda quruluqlar, arterial təzyiqin azalması, ürəkdöyünmənin zəifləməsi, saçın tökülməsi, enerji çatışmazlığı kimi fəsadlar yaradır: “Xüsusilə hamilələrdə yod çatışmazlığı əlamətinin aparıb çıxardığı dölün inkişaf qüsurları, düşüklər, anadan doğulan uşaqda hipotiroidizm problemi, dünyaya gələn körpələrdə böyük dil, əmgəyin ölçülərinin böyük olması, uşaqlarda boyun uzanmasında durğunluq, inkişafın zəifləməsi, məktəbyaşlı uşaqlarda öyrənmə və əzbərləmədə çətinlik, dərslərdən geri qalma hallarına səbəb olur. Yod çatışmazlığının qarşısını almaq üçün qida rasionuna dəniz məhsulları, qırmızı ət, toyuq əti, qoz, eləcə də digər çərəzlər, taxıllar, süd və süd məhsulları, yumurta, çiyələk, banan, yodlaşdırılmış duz daxil edilməlidir”.
Endokrinoloq Azad Əkbərzadə isə “Şərq”ə açıqlamasında deyib ki, yod çatışmazlığının olub-olmadığını qan, sidik və dəri vasitəsilə yoxlamaq olur. Əgər yaşadığımız ərazi yod çatışmazlığı üçün endemik zona deyilsə normal qidalanan insanda çatışmazlıq gözləmirik:
“Qanda baxılan cavab dəqiqdir, amma bahalı və gec hazır olur. Hər laboratoriyada tapılmır. Sidikdə isə yodu yoxlamaq qan qədər dəqiq olmasa da müəyyən nəticəyə gəlmək olur və bu ucuzdur və daha tez hazır olur. Dəriyə yod çəkib sorulma sürətinə görə təxmini çatışmazlıq olub-olmadığı haqda fikir söyləyən həkimlər də var. Amma burda çatışmazlığın dərəcəsini və müalicə dozasını təyin eləmək mümkün deyil. Xüsusilə, körpələrdə soyuqlanma vaxtı yod setkası və ya göbək ətrafına geniş yod tətbiqi həm dəridə problem əmələ gətirə bilir, həm də dəridən yüksək miqdarda sorularaq qalxanvari vəz (zob) funksiyasını poza bilər”.
Həkimin sözlərinə görə, uşaqları quma basdırmaqla və dəniz havası ilə yod ehtiyacımızı bərpa etmək mümkün deyil. Yod çatışmazlığını aradan qaldırmaq üçün yodlaşdırılmış duz istifadə etmək, içmə suyuna yod əlavə etmək və düzgün qidalanmaqla yod ehtiyatımızı bərpa etmək olar: “Dəniz məhsulları, kartof, yumurta, süd məhsulları, zoğal, çörək, ispanaq, soya, sarımsaq və s. qidalar yodla zəngindir. O ki qaldı müalicəyə, əgər yod çatışmazlığı müəyyən olunubsa, bunu dəriyə yod çəkməkdən çox yod tabletləri və damcıları ilə bərpa etməyi məsləhət görürük”.