Elçin Bayramlı: "Neft-qaz yataqlarından sızan axıntılar da Xəzərin ekoloji sisteminin pozulmasına səbəb olur"
Ekologiya və ətraf mühitin mühafizəsi
Xəzər dənizinin problemlərinə həsr olunan hibrid formatda beynəlxalq konfrans keçirilib.
“İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən konfransada Xəzəryanı ölkələrin mütəxəssisləri, beynəlxalq təşkilatların nümayəndələri və xarici ekspertlər iştirak ediblər. Konfransda Xəzər dənizinin hazırkı və gözlənilən səviyyə tərəddüdləri, həmçinin iqlim və səviyyə proqnozlarını nəzərə alaraq milli və regional uyğunlaşma tədbirlərinin müəyyən edilməsi üçün əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev konfrans iştirakçılarına Xəzər dənizinin aktual problemləri, bu sahədə ölkəmizdə görülən tədbirlər, milli və regional uyğunlaşma planlarının və “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası” timsalında regional əməkdaşlığın əhəmiyyəti barədə məlumat verib.
M.Babayev rəhbərlik etdiyi qurum tərəfindən Xəzər hövzəsinin təmizlənməsi üzrə bir sıra tədbirlər keçirildiyini deyib. Onun sözlərinə görə, nazirlik həmçinin Xəzər dənizində suyun səviyyəsinin azalması məsələsi üzrə tədqiqatlar aparır. Bu istiqamətdə ekspertlərlə, Xəzər regionu ölkələri ilə və ixtisaslaşmış təşkilatlarla regional əməkdaşlıq həyata keçirilir:
“Hazırda Xəzər regionu həll olunmamış ekoloji problemlərin mənfi təsiri ilə bağlı bir sıra çətinliklərlə üzləşir.
Bioresursların azalması, dəniz mühitinin çirklənməsi kimi antropogen təsirlərlə yanaşı, təbii mənşəli problemlər - iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin uzunmüddətli aşağı düşməsi dəniz ekosistemlərinin deqradasiyasına gətirib çıxarır. Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə mənfi təsir göstərir”.
Nazir həmçinin Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyib:
“Təsadüfi deyil ki, keçən həftə Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Toplantısında da bu məsələlərə xüsusi diqqət yetirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev toplantıda çıxışı zamanı Xəzər dənizinin ətraf mühitin bugünkü vəziyyətinin və dəniz səviyyəsinin aşağı düşmə dinamikasının narahatlıq doğurduğunu, bu problemlərin həlli ilə əlaqədar əməkdaşlığın genişləndirilməsində maraqlı olduğumuzu bildirib”.
M.Babayevin sözlərinə görə, Azərbaycanda da Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün tədbirlər görülür.
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ekoloji vəziyyətin qiymətləndirilməsi, dənizin bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin öyrənilməsi və dəniz ətraf mühitinə mümkün neqativ təsirlərin müəyyənləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə mütəmadi ekspedisiyalar keçirilir:
“Biz bu ekspedisiyalar zamanı toplanmış monitorinq məlumatları ilə bütün maraqlı tərəflərlə bölüşməyə hazırıq. Eyni zamanda Xəzər dənizində birgə ekoloji monitorinqlərin planlaşdırılması və həyata keçirilməsini təklif edirik.
Burada regional əməkdaşlığın, xüsusilə ekoloji problemlərin həllində Xəzəryanı ölkələrin səylərinin birləşdirilməsi üçün hüquqi baza yaradan “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası”nın mühüm rolunu qeyd etmək lazımdır.
İnanıram ki, akademik sektor, müvafiq təşkilatların mütəxəssisləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil ekspertlərin qoşulduğu konfrans Xəzər dənizinin ekoloji problemlərinin müzakirəsi və vəziyyətdən çıxış yollarının araşdırılması üçün platforma rolunu oynayacaqdır.
Bununla yanaşı Xəzər dənizinin dayazlaşma səbəbləri, onun fəsadlarının yumşaldılmasına yönəlmiş milli uyğunlaşma planları ilə yanaşı regional uyğunlaşma tədbirlərinin müəyyənləşdirilməsi hər bir Xəzəryanı ölkənin dayanıqlı inkişafı üçün böyük əhəmiyyət kəsb edəcəkdir".
Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xaliq Məmmədov isə qeyd edib ki, Xəzərdə suyun səviyyəsi dəniz faunasının vəziyyətinə ciddi təsir edir.
Onun sözlərinə görə, gəmilərin daxil ola bilmədiyi dayaz sularda tədqiqat aparmaq asan deyil: "Xəzərin səviyyəsi sürətlə azalır və əgər bu tendensiya davam edərsə, SOCAR öz avadanlıqlarının texniki xidməti məsələsində risklərlə üzləşəcək". Vitse-prezident qeyd edib ki, SOCAR-ın atmosferə zərərli tullantıların azaldılması, dekarbonizasiya üzrə strategiyaları var. Biz bu istiqamətdə ilk addımı atan birinci iri şirkət olduq və bu sahədə layihələri reallaşdırmaqda davam edəcəyik".
“BMT Azərbaycan hökuməti ilə birgə Xəzər dənizində dəniz səviyyəsinin azalmasının qarşısının alınması üzrə bir sıra tədbirlər keçirəcək”, bunu isə sözügedən konfransda iştirak edən BMT-nin Ətraf mühit proqramının Avropa bürosunun regional əlaqələndiricisi, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasının müvəqqəti katibliyinin əlaqələndiricisi Mahir Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan onilliklər ərzində BMT ilə əməkdaşlıq edir və bu əməkdaşlıq qarşılıqlı səmərəyə əsaslanır. BMT iqlim dəyişiklikləri, ətraf mühitin mühafizəsi, su hövzələri səviyyəsinin dəyişiklikləri sahəsində tədbirlər keçirir. Bu təşəbbüslər çərçivəsində Azərbaycan tərəfi ilə Xəzər dənizinin akvatoriyasında müvafiq işlərin yerinə yetirilməsi nəzərdə tutulur”.
“Sağlam Cəmiyyət” Hərəkatının rəhbəri Elçin Bayramlı isə “Şərq”ə açıqlamasında Xəzər dənizi ilə bağlı bu cür beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsini son dərəcə vacib hal kimi dəyərləndirib:
“Dəniz səviyyəsinin aşağı düşməsi, flora-faunasının azalması kimi çox ciddi problemlər var. Xəzər dənizi qapalı su hövzəsi olduğuna görə, qlobal quraqlıq və istiləşmə göldə buxarlanmanın artmasına səbəb olur. Eyni zamanda çaylardan gələn suyun azalması da dəniz sıviyyəsinin azalmasının səbəblərindən biridir. 100 illərdi sahilyanı ölkələrdən Xəzər dənizinə çox sayda sənaye tullantıları və kanalizasiya sularının axıdılması prosesi gedir və çirklənməsinin təmizlənməsi istiqamətində heç bir addım atılmır. Neft-qaz yataqlarından sızan axıntılar da Xəzərin ekoloji sisteminin pozulmasına səbəb olur. Hesab edirəm ki, sahilyanı ölkələr bu mövzuda çox sərt qərarlar qəbul etməlidir. Dənizə axıdılan suların təmizlənməsi ilə bağlı ciddi tələblər olmalıdır. Sənaye müəssisələrində xüsusi filtirlər qoyulmalıdır. Dənizə axıdılan kanalizasiya axıntıları da xüsusi qurğularla təmizlənməlidir. Suyun səviyyəsinin azalması iqlim dəyişikliyi ilə bağlı olduğundan onun qarşısının alınması bizim gücümüz çatan bir şey deyil. Balıq ovlarına müəyyən məhdudiyyətlər qoyulmalı, dənizə buraxılan balıq növlərinin sayı artırılmalıdır. Xəzər qapalı göl hövzəsi olduğundan ora atılan tullantılar Okeanlara axıb ərimir. Dənizin üzərində meydana gələn kimyəvi maye təbəqəsi dənizdəki bütün canlıların və dənizin ekosisteminin məhvinə səbəb olur”.