Televiziyaların rəhbərləri elm adı gələndə dodaq büzürlər
“Ölkənin teleməkanında olduqca acınacaqlı vəziyyət yaranıb. Azərbaycan televiziyalarının heç birində bircə dənə də olsa elmi-kütləvi veriliş yoxdur. Hətta bütün intellektual oyunlar belə yığışdırılı. Əvvəllər Şirməmməd Hüseynov, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı və digər ziyalılarla bağlı verilişlər çəkilirdi”.
Bu sözləri “Şərq”ə açıqlamasında həkim-nevroloq Qalib Əsədov deyib.
Q.Əsədov həmçinin hələ də sözügedən verilişlərlə bağlı fraqmentlərin sosial şəbəkələrdə paylaşıldığını və insanlar tərəfindən maraqla qəbul edildiyini vurğulayıb. Onun sözlərinə görə, bircə nəfər alim, elm adamı, hansısa sahənin peşəkar mütəxəssisi dəvət olunmur. Azərbaycanda istənilən qədər dünya səviyyəli alimlər var, sadəcə təbliğ olunmur deyə, xaricdə onları bizdən daha yaxşı tanıyırlar: “Uzağa getməyək, elə qonşu Türkiyədə Cəlal Şəngörü, İlbər Ortaylını xalqa məhz media tanıtdırdı. İnanmıram ki, bizdə Fatih kimi jurnalist olmasın.
Sadəcə, televiziyaların rəhbərləri elm adı gələndə dodaq büzürlər. Nəticədə cəhalət, xurafat yayılır. Hətta kifayət qədər ciddi və ya sosial yönümlü verilişlərə belə şou-biznes nümayəndələri dəvət olunur. Yaxşı, deyək ki, insanlar şounu sevirlər. Xub, mən razı!
Balam, heç olmasa, bu sahənin karifey sənətkarlarını çıxarın. Azər Zeynalov, Azərin xanım və onlar kimi sənət adamları niyə dəvət olunmasın axı? Dəvət olunur gənc bir qızcığaz, fonoqramla ortabab səviyyədən aşağı bir mahnı oxuyur, sonra da villası, maşını reklam olunur. Kiminsə evinə etdiyi bazarlıq, villası, şkafında, şifonerində nə var, mənim nəyimə lazımdır axı?
Gənc nəsil baxır, heç bir təhsili, savadı olmayan belə birisi necə oldu bu cür komfort yaşayır? Məlum olur ki, sponsor lazımdır. Nə ali məktəb, nə təhsil, nə elm? SPONSOR tapmaq lazımdır, vəssalam. Televiziyaların bugünkü siyasəti xalqa, insanlara, gənc nəslə necə zərər vurur, heç özləri də bilmir. Buna nəhayət bir SON vermək lazımdır! Belə davam edə bilməz!”.