Göstərilən xidmət pulsuz olduğuna görə psixoloqlar da onlarla işləmək istəmir
Azərbaycanda narkotik maddə asılılığından yardım sahəsində mütəxəssis qıtlığı var.
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyevin sözlərinə görə, bəzi məktəblərdə blogerlər və keçmiş maddə istifadəçiləri narkotik maddələrlə bağlı maarifləndirici tədbirlər keçirirlər: "Bu çox həssas məsələdir. Fikrimcə, heç bir şagirdə şpris, maddə adı, deformasiyaya uğramış sümük, bədən göstərməyin faydası yoxdur. Biz şəxsin daxili-xarici resurslarını aktivləşdirməliyik. İdmana, kitaba meyillilik yaradılmalıdır".
Ekspertlərin fikrincə, narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükəlidir. Narkomaniya ilə əvvəlcə psixoloji, sonra sosial və tibbi mübarizə aparmaq lazımdır. Doğrudur, bəzən dərmanlar qəbul etməyi, yaxud qanda narkotiklərin yuyulması prosesini həyata keçirməyi müalicə hesab edirlər, lakin bu, müalicə deyil. Bu, narkotiklə zəhərlənmədən xilasdır, xəstə zəhərlənmədən xilas olur, amma narkotikdən asılılıq qalır. Həmin asılılıqdan xilas olmaq üçün çoxşaxəli müalicə alqoritmi qurulmalıdır, çünki bu zaman mütləq depressiya əleyhinə müalicə aparılmalıdır.
Narkomaniya üzrə ekspert Emil Maqalov "Şərq" qəzetinə açıqlamasında deyib ki, narkotik maddə asılılığı olan insanlarla işləmək çətin proses olduğundan mütəxəssislər bu sahədə ixtisaslaşmaq istəmir:
"Psixoloqlarımızın da əksəriyyəti qadındır və onlar da narkotik maddə asılılığı olan insanlarla işləmək istəmir. Mütəxəssislərin bu insanlarla işləmək istəməməsinin digər bir səbəbi də göstərilən xidmətin pulsuz və perspektivsiz olması ilə bağlıdır. Narkomanların 70 faizi kasıb təbəqədir. Hətta əvvəl varlı olan insanlar belə aludəçi olduğundan sonra ciblərində bir qəpikləri də qalmır.
Düşünürəm ki, bu sahədəki qıtlığı aradan qaldırmaq, Azərbaycanda narkotik maddə asılılığından yardım sahəsində mütəxəssis sayını artırmaq üçün onlar üçün əməkhaqqı artırılsa və digər əlavə imtiyazlar verilsə, maraq artar. Onsuz da narkomanların pulu yoxdur, ən azından hökumət bu sahədə ixtisaslaşmaq istəyən mütəxəssislərə maddi təminat verməlidir ki, maraq artsın".