ÖDƏNİŞLİ YOLLAR  - Vaxta və yanacağa qənaət...

Vətəndaşlar bu yollardan istifadə etdikdə pullarını çölə atmayacaqlar
 

  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin ilk ödənişli yolunu bu ilin sonuna kimi istifadəyə verməyi planlaşdırır.  Bunu qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yol infrastrukturu layihələrinə cəlb edilməsi üçün alınmış yol texnikası və maşın-mexanizmlərin təqdimatında deyib.
  Onun sözlərinə görə, yolun tikintisi başa çatmaq üzrədir: "Yolda cəmi 27 kilometr asfaltlanmamış hissə qalıb. Hazırda ödəniş üçün turniketlərin qoyulması işi aparılır. Eyni zamanda yolla hərəkət edəcək ağır tonnajlı maşınların müəyyənləsdirilməsi üçün tərəzilər quraşdırılır. Yəqin ki, bu ilin sonuna kimi yolun istismara verilməsinə dair üzərimizə götürdüyümüz öhdəliyi yerinə yetirəcəyik".
  Ödənişli yolun digər yollardan fərqini “Sherg.az"a dəyərləndirən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu yol sürücülərin daha rahat və sürətli səyahətini təmin edəcək: “Ödənişli yolla bərabər  ödənişsiz  yollar da eyni keyfiyyətdə və eyni rahatlıqla istismara veriləcək. Ənənəvi yol hazırda təmirdədir. Onun alternativi isə ödənişli yoldur. Yəqin ki, əsas yolun təmirinə qədər ödənişli yollar istifadəyə verilməyəcək. Bir müddət sonra sürücülər hər iki yoldan rahat istifadə edə biləcəklər. Ödənişli yolla digər yolun müəyyən fərqləri də var. Həmin yol heç bir xətlə kəsişmir, şəhər və qəsəbələrin içindən keçərək sürət həddinə təsir etmir. Təxmini digər yoldan 20 km daha yaxındır.  Bəzi sürücülər  vaxtlarına qənaət etmək üçün bu yoldan istifadə edəcək.  Bu yollar xüsusən də Bakı-Quba-Rusiya sərhədi boyunca hərəkət edən xarici yük və minik avtomobillərində daha çox maraq yaradacaq.  Vətəndaşlarımız xaricə səfər edəndə də pullu yollara daha çox üstünlük verirlər. Düşünürəm ki, onlar ödədikləri pulu çölə atmırlar. Əksinə, vaxtda və yanacaqda qənaət etmiş olurlar”.