Azərbaycan kartofu Avropa bazarına çıxarılır
Ekspert hesab edir ki, bu daxili bazarda qiymət artımına səbəb olmayacaq
Respublikamızda becərilməsi XIX əsrin əvvəllərinə təsadüf edən kartof mühüm ərzaq növünə çevrilib, onu “ikinci çörək” adlandırıblar. Azərbaycanın bütün bölgələrində rast gəlinən bu məhsul il ərzində bir neçə dəfə yetişdirilir. Kartof ən çox respublikamızın Tovuz-Gədəbəy, Astara-Lerik və Quba-Qusar rayonlarında əkilir. Son günlərdə isə yerli məhsulumuzun Avropa ölkələrinə ixrac edildiyi bildirilir. Bəs bu ixrac ölkə bazarına necə təsir edəcək?
Ölkəmizin kartof ixrac etməsinin iqtisadiyyata müsbət təsir edəcəyini deyən iqtisadçı-ekspert Eyyub Kərimli "Sherg.az"a bildirib ki, məhsullarımızın Avropa bazarına çıxışı qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət kəsb edir: "Ölkə üzrə kartof istehsalı ötən illə müqayisədə 1 milyon iki yüz min tona qədər qalxıb. Daxili tələbatımız isə 1 milyon ton civarında təxmin olunur. Yerdə qalan iki yüz min tonu isə xarici ölkələrə ixrac edirik. Kartofun ixracı fermerlərimizin əlavə gəlir əldə etməsinə və kənd təsərrüfatı məhsullarımızın başqa bazarlarda tanınmasına müsbət təsir edəcək. Daxili tələbatımızı tam ödədiyimiz üçün kartof ixracı qiymət artımına gətirib çıxarmayacaq. Əvvəl bizim ixracatımızın 92 faizini Rusiya bazarları tuturdu. Hazırda kartofun Avropa bazarlarına çıxarılması, gələcəkdə digər kənd təsərrüfatı məhsullarının da xarici bazara girişinə böyük şans yaradacaq".