Yenə məktəb, yenə valideyn izdihamı...



Sənubər Heydərova:“Uşaqlara kiçik yaşdan evin ünvanını, telefon nömrələrini, və hansı nəqliyyatdan istifadə etmək lazım olduğunu öyrətmək lazımdır”

"Azərbaycanda valideynlər uşaqları müstəqil şəkildə yetişdirə bilmirlər.Buna görə də uşaqlar həm emosional, həm də fiziki cəhətdən valideyndən asılı qalırlar".
Bunu "Sherg.az"a açıqlamasında sosioloq Sənubər Heydərova 15 sentyabrda məktəblərin açılması ilə valideyin izdihamının artması barəsində danışarkən deyib.
O bildirib ki, xeyli sayda insan şəhərə axın edir və uşaqlar bu muhitə uyğunlaşa bilmirlər:

  "Digər tərəfdən valideynlərdə  qorxu, ehtiyat hissləri var. Özümüz də görürük ki, uşaqlara qarşı zorakılıq hadisələri çoxalıb. Bu da valideynlərin ehtiyatlı davranmasına və uşaqlarını tək buraxmamasına səbəb olur. Bununla da məktəblərin qarşısında izdiham yaranır. Eyni zaman da bunun sevinc tərəfini də unutmaq olmaz. 

Ailələr övladlarının ilk məktəbə getmə anına şahidlik etmək istəyirlər. Özəl məktəblərdə belə halların qarşısını almaq üçün valideynlərə müəyyən yerə qədər övladlarını ötürməyə icazə verilir. Daha sonra uşaq özü müstəqil şəkildə məktəbə davam edir. Dövlət məktəblərində isə bu tələb yoxdur".

  Ekspert qeyd edib ki, uşaqlara kiçik yaşdan evin ünvanını, telefon nömrələrini, və hansı nəqliyyatdan istifadə etmək lazım olduğunu öyrətmək lazımdır:

  "Uşaqlar müstəqil şəkildə dostları ilə nə qədər vaxt keçirsələr, o qədər inkişaflarına yaxşı təsir edir. Belə olduqda onlar böyüyəndə daha sosial olurlar. 

Yaxşı olar ki, valideynlər övladları ilə birlikdə bir neçə dəfə məktəbə gedib onlara yolu öyrətsinlər və bundan sonra onları məktəbə tək göndərsinlər".