Bakı Dövlət Universiteti (BDU) və “ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində “ARB 24 NewsLab” təlim proqramı yekunlaşıb.
Telekanaldan Oxu.Az-a verilən məlumata görə layihəni uğurla başa vuran 4 tələbə işlə təmin olunub.
İlkin mərhələdə 10 nəfər praktik təlimlərə cəlb edilsə də, sonda 5 iştirakçı proqramı bitirib.
Telekanalın direktoru Radik İsmayılov bildirib ki, 2023-cü ilin fevralında layihənin yenidən keçirilməsi planlaşdırılır və proqram ənənəvi şəkildə hər il davam etdiriləcək.
BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu isə tələbələrə göstərdiyi dəstəyə görə “ARB 24” telekanalına təşəkkürünü bildirib və əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını vurğulayıb. Həmçinin universitetin nəzdində televiziyanın kiçik studiyasının yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.
Daha sonra layihəni uğurla bitirən tələbələrə sertifikatlar təqdim edilib və onlara çalışacaqları verilişlər barədə məlumat verilib.
Bildirilib ki, oktyabrın 1-dən seçilən 4 şəxslə əmək müqaviləsi imzalanacaq və rəsmi şəkildə işə götürüləcəklər.
Qeyd edək ki, təlim proqramı 3 ay davam edib. Müsahibə mərhələsindən uğurla keçən tələbələr daha sonra praktik məşğələlərə cəlb olunublar. BDU və “ARB 24”ün birgə təşkilatçılığı ilə hazırlanan layihə xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrini əhatə edib.