Əgər həqiqətən də, turistlər arasında səhhətində problem yarananlar varsa, analiz verilməlidir və xəstəliyin səbəbi bilinməlidir
İmmuniteti güclü olanlar xəstəliklə mübarizə apara bilir, zəiflər isə çətinlik çəkir
Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Müdafiəsi Agentliyi (Rospotrebnadzor) Türkiyədə istirahət edən rus turistlərin virusa yoluxduğunu iddia edərək Ankaradan izahat istəyib. Bu barədə Publika.az “Haberrus”a istinadən məlumat yayıb. Məlumatda Antalyanın Belek kurort qəsəbəsində istirahət edən rus turistlərin “naməlum virus”a yaxalandığı bildirilir. “Rospotrebnadzor” turistlərdən daxil olan şikayətlərlə bağlı Türkiyə Səhiyyə Nazirliyinə müraciət edib. Agentlik məsələnin ciddi nəzarət altında olduğunu vurğulayaraq, turistlərə profilaktik tədbirlər çərçivəsində gigiyena tədbirlərinə də laqeyd qalmamağı xatırladıb. Rusiya səlahiyyətliləri ictimai yerlərdə, yeməkdən əvvəl və tualetə getdikdən sonra əlləri yaxşıca yumağı, qaynadılmış sudan istifadə etməyi, meyvə və tərəvəzləri bu şəkildə təmizləməyi tövsiyə edib. Həmçinin bildirilib ki, tənəffüs yolu və ya bağırsaq infeksiyası əlamətləri olan insanlarla təmasdan çəkinmək məsləhət görülüb. “SHOT” Teleqram kanalının məlumatına görə, son günlər Türkiyənin Bələk qəsəbəsindəki bəzi hotellərdə qalan onlarla rus turist yüksək hərarət kimi əlamətlərlə yerli xəstəxanalara müraciət edib. Lakin Antalya vilayətinin səlahiyyətliləri və Belekdəki “Sirene Bələk” hotelinin rəhbərliyi turistlərin virusla bağlı iddialarını təkzib edib.
Məsələ ilə bağlı “Sherg.az"a danışan həkim-infeksionist Mərdan Əliyev qeyd etdi ki, COVID-19 zamanından üzü bəri virus infeksiyalarının yayılması xəbərləri də artıb:
- Birincisi, Antalya vilayətinin rəsmiləri virus infeksiyası barədə xəbəri təkzib edib. Türkiyə elə ölkə deyil ki, virus varsa, bu xəbəri gizlətsin, əhalini xəbərdar etməsin. Antalyada təkcə turistlər deyil, yerli əhali də yaşayır. Belə bir infeksiya, xəstəlik mənbəyi olsaydı, Türkiyə Səhiyyə Bakanlığı ilk növbədə özü bunu açıqlayardı, səhiyyə orqanlarına qabaqlayıcı tədbirlər görülməsi tapşırılardı, əhaliyə də ehtiyatlı olmaq tövsiyə edilərdi. Məsələyə başqa yöndən baxsaq, əgər həqiqətən də, turistlər arasında səhhətində problem yarananlar varsa, analiz verilməlidir və xəstəliyin səbəbi bilinməlidir. Ümumiyyətlə, COVID-19-dan sonra virus xəstəlikləri çox artıb. Koronavirusun müxtəlif növləri üzə çıxıb. Müxtəlif ştamları var. Adicə respirator xəstəliklər – yuxarı tənəffüs yollarının infeksiyaları insanlarda ağırlaşmalara səbəb ola bilir. Qızdırma ilə müşayiət olunan boğaz ağrısı, öskürək, burun axması, mədə-bağırsaq pozğunluqları yaranır. Hazırda bu cür infeksion xəstəliklərdən əziyyət çəkənlər, yoluxanlar çoxdur. Xarici ölkələrə səyahət edənlər arasında xəstələnmə halları da gözləniləndir.
M.Əliyev qeyd etdi ki, iqlim dəyişikliyi, soyuq iqlim şəraitindən birbaşa isti iqlim şəraitinə keçid səyahət edənlərdə problemlər yarada bilir:
- Uzaq ölkələrə, fərqli iqlim şəraiti olan yerlərə səfərə gedənlər, istirahət üçün dünyanın müxtəlif ölkələrini seçənlər bunu bilməlidir ki, xəstələnə bilərlər. Çünki orqanizm vərdiş etdiyi bir mühitdən tamamilə fərqli bir mühitə düşür. Həmin mühitə uyğunlaşmaq bəzən orqanizm üçün çətin olur. Bu da insanın səhhətində problemlər yaradır. İmmuniteti güclü olanlar xəstəliklə mübarizə apara bilir, zəiflər isə çətinlik çəkir. Həm də şəraitə uyğun davranmaq, sanitar-gigiyena qaydalarına riayət etmək də çox vacibdir. Bir qədər çox, uzun müddət günəş şüalarının təsiri altında qalmaq orqanizmdə müxtəlif fəsadlar törədə bilir. Qida rasionuna ciddi fikir vermək lazımdır.
Qeyd edək ki, Türkiyənin məşhur turizm mərkəzlərindən biri olan Bələkdə turistlərin virus infeksiyasına yaxalanması kimi xəbərlər 2019, 2020-ci illərdə yayılmışdı. O zaman da yerli orqanlar bu məlumatları təkzib edərək şantaj xarakterli olduğunu bildirmişdilər. Yəni bu səpkili məlumatlar vaxtaşırı yayılır. Belə görünür ki, hər il xeyli sayda rus turistin Türkiyənin turizm mərkəzlərinə getməsindən narahat olanlar var. Odur ki, bu cür saxta xəbərlər yaymaqla Türkiyənin turizm mərkəzlərini gözdən salmaq, turizm sektoruna zərbə vurmağa çalışırlar.