53 yaşlı kişi siqareti tərgitmək üçün mütəxəssislərə müraciət edib. 25 gün davam edən dərman müalicəsindən sonra uzun illər davam edən zərərli vərdişinə son qoyub.
Türkiyənin Trabzon şəhərində yaşayan 53 yaşlı Zeki Yılmaz 37 illik siqaret asılılığından xilas olub. O, siqareti tərgitmə poliklinikasında aldığı dəstək və dərman müalicəsi sayəsində bu vərdişindən imtina edib.
Sherg.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Orta məktəb illərində dostlarının təsiri ilə siqaret çəkməyə başlayan üç uşaq atası uzun illər davam edən asılılıq səbəbindən öskürək, döş qəfəsində ağrılar, yuxu problemləri və nəfəs darlığı yaşayıb.
Atasını, babasını, dayılarını və bəzi qohumlarını ağciyər xərçəngindən itirən Yılmaz səhhətində yaranan problemlərdən sonra siqareti tərgitmək qərarına gəlib.
Təxminən üç ay əvvəl Ortahisar Səhiyyə İdarəsinə bağlı Sağlam Həyat Mərkəzinin Siqareti Tərgitmə Poliklinikasına müraciət edən Yılmaz burada mütəxəssislərin dəstəyini alıb və dərman müalicəsinə başlayıb. Nəticədə 37 illik vərdişinə son qoyub.
“25 günlük dərman müalicəsindən sonra siqareti tərgitdim”
Yılmaz yaxınlarını ağciyər xərçəngindən itirməsinin siqareti tərgitmək qərarına gəlməsində mühüm rol oynadığını bildirib.
O, yeniyetməlik dövründə maraq və təqlid nəticəsində başladığı siqaretin zamanla asılılığa çevrildiyini, 37 il bu vərdişdən qurtula bilmədiyini, təxminən üç ay əvvəl isə siqareti tamamilə tərgitdiyini söyləyib.
Gündə bir qutu siqaret çəkdiyini bildirən Yılmaz sosial mühitdə bu miqdarın bir qutu yarımdan iki qutuya qədər yüksəldiyini qeyd edib. Ailəsində xərçəng xəstəliyi hallarının olması səbəbindən siqareti tərgitməyi daim düşündüyünü vurğulayıb.
Mövzu ilə bağlı araşdırma apardıqdan sonra siqareti tərgitmə poliklinikasına müraciət etdiyini deyən Yılmaz ailə tarixçəsinə görə əlavə müayinələrdən keçdiyini və 25 günlük dərman müalicəsindən sonra siqaretdən imtina etdiyini bildirib.
“Özümü daha gümrah hiss edirəm”
Zeki Yılmaz siqareti tərgitdikdən sonra səhhətində müsbət dəyişikliklər hiss etdiyini, yuxu rejiminin yaxşılaşdığını və nəfəs almasının asanlaşdığını söyləyib.
O, siqareti tərgitmək qərarında uşaqlarına yaxşı nümunə olmaq və onların passiv siqaret tüstüsünə məruz qalmasının qarşısını almaq istəyinin də mühüm rol oynadığını bildirib.
Yılmaz uzun müddət siqareti tərgitmək üçün mübarizə apardığını qeyd edərək vətəndaşlara bu prosesdə mütəxəssislərin köməyindən yararlanmağı tövsiyə edib.
Siqareti tərgitdikdən sonra bəzən yenidən siqaret çəkmək istəyinin gücləndiyini deyən Yılmaz bu halların öhdəsindən gəlmək üçün su içdiyini, çərəz yediyini və diqqətini başqa məşğuliyyətlərə yönəltdiyini bildirib.
“Siqaret ciddi sağlamlıq problemlərinə səbəb olur”
Siqareti Tərgitmə Poliklinikasının rəhbəri, doktor Dilara Kalfa da tütün istifadəsinin dünyada qarşısı alına bilən ölüm səbəbləri arasında ilk sıralarda yer aldığını bildirib.
Onun sözlərinə görə, tütün istifadəsi ağciyər, mədə, qırtlaq və sidik kisəsi xərçəngi ilə yanaşı, xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH), astma, diabet, qastrit və peptik xora kimi bir çox xəstəliklə əlaqəlidir.
Kalfa Yılmazın təxminən üç ay əvvəl poliklinikaya müraciət etdiyini və siqareti tərgitdiyini xatırladaraq, müalicə müddətində müayinələrin və həkim nəzarətinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
O, siqareti tərgitmə prosesində motivasiyanın qorunmasının, mümkün əlavə təsirlərin və qarşıya çıxan çətinliklərin mütəxəssislər tərəfindən izlənilməsinin əhəmiyyətini qeyd edib.