Həsən bəy Zərdabinin qarşısında alnımız açıqdır - 30 ilin sonunda SÖZÜMÜZ BU!

Əsrin onda birinə çatdıq. Bu adda roman oxumuşdum gənclik illərində. Hüseyn İbrahimovun əsəri idi - «Əsrin onda biri». Atabəylər dövləti, dahi Nizami Gəncəvi, Əcəmi Naxçıvani, Məhəmməd Cahan Pəhləvan... Əcəmi Naxçıvani Möminə Xatun türbəsini inşa etməyə 30 il vaxt sərf edir. Bu gün də möhtəşəmliyindən zərrə qədər əskilməyən bir abidə yaradır dahi sənətkar. Bu əsəri oxuyanda ömrümün 30 ilinin (lap dəqiq hesablasam, 29 il 6 ay) «Şərq»də keçəcəyini necə bilə bilərdim ki?!

30 ili tamam edəcəyimizi də bilmirəm. Taleyi yazan yazıb. Dəqiq bildiyim budur ki, «Şərq» 30 ildə ləyaqət yolu keçdi. Şərəf yolu keçdi. Vicdan yolu keçdi. Mübarizə, mücadilə yolu keçdi. Milli məfkurədən bir an belə dönmədi. Dövlətçiliyə sadiq qaldı. Milli dəyərlərə sadiq qaldı. Həsən bəy Zərdabi qarşısında üzümüzün qara olmadığı, alnımızın açıq olduğu dəqiqdir. Mübaliğəsiz. Bunu hər kəs bilsin!

«Şərq» büdrəyə-büdrəyə yeriməyi, ayaqda durmağı öyrəndi. Və ən əsası – öyrənə-öyrənə öyrətdi. Sınaqlardan, çətinliklərdən dərs aldı, dərs keçdi. Yüzlərlə insana. Əlimizdən tutan... Elə özümüz idik. Bir-birimizə kilidləndik, əl-ələ verdik və bu 30 ildə «Şərq»lə əl-ələ verənlər sıraya düzülsə, vallah, nə bilim, görəsən, neçə kilometrlik yol alınar? Hər halda, Azərbaycan Nəşriyyatının binasından «Elmlər Akademiyası» metrostansiyasınadək uzanar, yəqin.

«Şərq» heç vaxt yolundan dönmədi, əksinə, yol açdı! Milli mətbuat necə olmalıdır - düstur yazdı, düsturu da özü həll etdi. «Şərq»in qurucusu Akif Aşırlı qayım-qədim dostu, milli mətbuatda bir cərgədə dayandığı, sədaqətinə və vicdanına bələd olduğu Yusif Nəzərli ilə yola çıxdı. «Şərq» adlı bir ocaq qaladılar. Ay Allah, nə qədər insan – jurnalist, qeyri-jurnalist, içi mən qarışıq – bu ocağın od-alovuna yığışdı. Hər bir əməkdaş bu ocağa «kömür» atdı. Çalışdıq, əzm göstərdik, yorulduq, amma qəzet səhifəsində yazılarımızı görəndə sevindik, xüsusən manşetdə olanda lap çox sevinirdik (manşetə kimin yazısı çıxacaq uğrunda əsl mübarizə gedirdi «Şərq»də). Bu sevinc və zəhmətimizin halal qazancı yorğunluğumuzu silib-süpürürdü.

Bu günün mediasından danışmayacağam. Nə var ki, nə də danışım? Mətbuatımızın «fatihəsi» «media» adlanandan oxunmağa başlanıb. Nə edək ki, biz – «Şərq» bu sevdadan əl çəkə bilmirik. Füzuli deyir: «Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?» Usanmadıq! Sevdamıza sahib çıxdıq. Onu tərk etmədik. Bu, ilk məhəbbət kimidir. Həzin, şirin, unudulmaz və... əzablı deməyim, əziyyətli! Çünki əziyyətli günlərlə bərabər sevincli, fərəhli, şən günlərimiz də çox olub.

Yadımdan çıxmayacaq bir hadisə – ötən əsrdə satış və tirajına görə «Şərq»dən öndə olan qəzeti həm tirajda, həm də satışda üstələmişdik. Akif müəllim Fazilə xanıma tapşırdı: «Yemək hazırla, uşaqlar üçün süfrə açaq, qeyd edək». «Şərq»də hamının – rəhbərlikdən xadiməyədək hər bir əməkdaşın – süfrə başına yığışmasının təməli belə qoyuldu.

Həftəlikdən gündəliyə keçdik, zaman yetişdi, saytımız da fəaliyyətə başladı, veb-səhifəmiz də, YouTube kanalımız da. Bu gün video-reelslərə keçmişik... Sonrası nə olacaq, bilmirik. Bildiyimiz budur ki, «Şərq» adlı evimiz, ocağımız var. Bu gün ocağımız zəif yansa da, təbii ki, bu, bizdən asılı olmayan səbəblərdəndir. Amma yanır o ocaq.

Çox yazmaq istəmirdim, oxumaq həvəsi qalmayıb insanlarda. Bacarmadım. Mənim üçün doğma olan «Şərq»dən qısa yazsam, əzizim "Şərq" inciyərdi.

Hə, məni «Şərq»in yoluna salan əziz həmkarımız Rasim Mustafaoğluna xüsusi təşəkkür edirəm. «Şərq»in 7-ci mərtəbəsindəki qapısını açdım, içəri keçdim və daha başqa qapı tanımadım. Bu sədaqət də məndən gəlsin. Niyə? Çünki özümü tam realizə edə bilirdim. Elə bir sərbəst yaradıcılıq mühiti vardı ki, «Şərq»də başqa qapıya ehtiyac qalmadı.

Ocaq məsələsinə qayıdım, yazımın məğzi ondadır. «Şərq» redaksiyası, əminliklə deyirəm, yeganə redaksiyadır ki, hər iş günü əməkdaşlar nahar vaxtı süfrə başına toplaşırdılar. Bu, Akif müəllimin sayəsində idi. Hər gün redaksiyada yemək bişirilirdi və hamı bir nəfər kimi masa arxasında əyləşməli idi. Akif müəllim hamını adbaad çağırırdı: «Uşaqlar, gəlin!» Kim gecikirdisə, «Yazım var, qurtarım», – deyirdi. Akif müəllim isə əsəbiləşirdi – ailə üzvləri nahara gəlməyəndə acıqlanan atalar kimi. Və bilirsiniz, nə deyirdi? «Ay uşaqlar, bu sizin pulunuzdur, redaksiyanın puluna alınıb bu ərzaqlar». Bunu ona görə deyirdi ki, kimsə çəkinməsin.

Bu, bizim «Şərq»in həqiqi ocağı idi. Hər gün yanırdı, bütün «Şərq» ailəsini masa ətrafına toplayırdı. O masada mövzular da müzakirə olunurdu, yazılar da. Gənc tələbələrə – hansı ki, «Şərq» onlara həqiqi məktəb oldu – yarım saatlıq müddətdə yenə də dərs keçilirdi. Belə hesab edirəm ki, jurnalistika fakültəsinin illər ərzində edə bilmədiyini «Şərq» edib. Nə qədər gənc tələbəyə işləmək, təcrübə toplamaq üçün geniş müstəvi verib. Akif müəllim də, Yusif müəllim də nəhəng jurnalist ordusu yetişdirdiklərini fəxrlə söyləyə bilərlər!

Bu gün 30 yaşımız tamam oldu. Bəli, əsrin onda biri!

Ocağımızı söndürməyə çalışanlara nə deyə bilərik? Milli mətbuatın dəyərini yaxşı bilin, öyrənin. Nəyi nəyə qurban verirsiniz, yaxşı-yaxşı baxın, dərindən düşünün. Əgər düşünmək istəyirsinizsə. İstəmirsinizsə, özünüz bilərsiniz.

Biz missiyamızı layiqincə yerinə yetirmişik. Nə qədər imkan verəcəksinizsə, yenə də yerinə yetirəcəyik. Biz yolundan dönməyən kəslərik. Pulumuz az ola bilər, amma ləyaqətimiz yetərincədir. Milli dəyərləri, milli mətbuatımızı qorumaq bizim vəfa borcumuzdur – bu dəyərləri yaradan uca Xalqımıza!