ABŞ-da hazırlanmış eksperimental preparatın klinik sınaqları müsbət nəticə verib. Dərman kişi tipli saç tökülməsindən əziyyət çəkən şəxslərdə saçların yenidən çıxmasına kömək edib.
Keçəlliyə qarşı yeni dərman hazırlanıb. ABŞ-ın Veradermics əczaçılıq şirkətinin hazırladığı eksperimental həb klinik sınaqlar zamanı saç tökülməsindən əziyyət çəkən kişilərdə müsbət nəticə göstərib.
Sherg.az xəbər verir ki, bu barədə “Habertürk” nəşri məlumat yayıb.
Məlumata görə, geniş yayılmış problemlərdən biri olan saç tökülməsi dünyada təxminən 50 milyon kişiyə və 30 milyon qadına təsir edir. Genetik və ya yaşla əlaqədar saç tökülməsini tamamilə aradan qaldıran möcüzəvi vasitə olmasa da, bəzi preparatlar bu prosesi ləngidə və saçların yenidən çıxmasını stimullaşdıra bilir.
30 İLDƏN SONRA KEÇƏLLİYƏ QARŞI YENİ HƏB
“New York Post”un məlumatına görə, ənənəvi dərmanın yeni versiyası olan eksperimental preparat geniş istifadəyə verilməyə bir addım daha yaxınlaşıb. Bu, təxminən 30 ildən sonra keçəlliyə qarşı hazırlanmış ilk yeni həb ola bilər.
“Rogaine” preparatının təsiredici maddəsi olan minoksidilin ağızdan qəbul edilən, uzadılmış təsir müddətinə malik yeni forması klinik sınaqların üçüncü mərhələsində kişi tipli saç tökülməsindən əziyyət çəkən şəxslərdə altı ay ərzində saçların yenidən çıxmasını təmin edib.
536 KİŞİ ÜZƏRİNDƏ SINAQDAN KEÇİRİLİB
Konnektikut ştatında yerləşən Veradermics bioəczaçılıq şirkətinin məlumatına görə, tədqiqat yüngül və orta dərəcəli saç tökülməsi yaşayan 536 kişi üzərində aparılıb.
İştirakçılara VDPHL01 adlanan eksperimental preparatın ya gündə bir dəfə 8,5 milliqramlıq dozası, ya gündə iki dəfə qəbul edilən dozası, ya da plasebo – təsirsiz həb verilib.
Hər iki dozada preparat plasebo ilə müqayisədə daha yaxşı nəticə göstərib. Gündə bir dəfə dərman qəbul edən şəxslərdə baş dərisinin hər kvadrat santimetrində orta hesabla 28,6, gündə iki dəfə qəbul edənlərdə isə 36,4 yeni saç teli qeydə alınıb. Plasebo qəbul edənlərdə bu göstərici cəmi 6,6 saç teli olub.
MÜTƏXƏSSİSLƏR NƏTİCƏLƏRİ ÜMİDVERİCİ HESAB EDİR
Tədqiqatda iştirak etməyən dermatoloq Puca Şah “Medscape Medical News”a açıqlamasında nəticələrin onu təəccübləndirmədiyini bildirib.
“Saç tökülməsinə qarşı ağızdan qəbul edilən preparatla bağlı üçüncü mərhələnin müsbət nəticələrini görmək sevindiricidir”, -deyə mütəxəssis vurğulayıb.
Ağızdan qəbul edilən minoksidil əvvəllər də saç tökülməsinin müalicəsində istifadə olunub. Lakin ABŞ Qida və Dərman Administrasiyası (FDA) bu preparatı yalnız sürətli təsir göstərən təzyiq dərmanı kimi təsdiqləyib. Dermatoloqlar isə onun sürətli təsirli formasını aşağı dozalarda saç tökülməsinə qarşı tez-tez göstərişdən kənar qaydada təyin edirlər.
Bununla belə, sürətli təsirli formul preparatın orqanizmdə daha tez sorulmasına səbəb olur və bəzi istifadəçilərdə əlavə təsirlərin yaranma ehtimalını artırır.
DƏRMAN SAÇ FOLLİKULLARINI AKTİVLƏŞDİRİR
Sürətli təsirli minoksidil ürək döyüntüsünün sürətlənməsi, ürək ətrafında maye toplanması və döş qəfəsində ağrı kimi ciddi risklər də yarada bilər.
Minoksidilin uzadılmış təsirli forması isə qanda preparatın maksimal konsentrasiyasını aşağı salmaqla başgicəllənmə və qan təzyiqində dəyişikliklər kimi bəzi əlavə təsirləri potensial olaraq azalda bilər.
Klinik sınaqlar zamanı preparat, ümumilikdə, yaxşı qəbul edilib. Müalicə ilə əlaqəli ciddi arzuolunmaz hal və ya ürək-damar sistemi ilə bağlı əlavə təsir qeydə alınmayıb.
Bununla belə, eksperimental həbi qəbul edənlərdə plasebo qrupundakılarla müqayisədə ödem və bədənin arzuolunmaz nahiyələrində tüklənmə halları daha çox müşahidə edilib.
Qeyd olunur ki, VDPHL01 preparatının tərkibində tövsiyə edilən maksimum gündəlik 5 milliqramlıq dozadan təxminən iki dəfə çox minoksidil var.
Minoksidil qan damarlarını genişləndirərək saç follikullarına qan, oksigen və qida maddələrinin axınını artırır. Bununla da fəaliyyəti zəifləmiş follikulların yenidən aktivləşməsinə və saçların böyümə mərhələsinin uzanmasına kömək edir.
QADINLARLA BAĞLI SINAQLARIN NƏTİCƏLƏRİ 2027-Cİ İLDƏ AÇIQLANACAQ
Yeni nəticələr şirkətin ötən ilin aprelində açıqladığı və 500-dən çox kişinin iştirak etdiyi ikinci mərhələ tədqiqatının göstəriciləri ilə də uyğunluq təşkil edib.
Bununla belə, Veradermics hazırladığı minoksidil həbinin ənənəvi ağızdan qəbul edilən minoksidillə birbaşa müqayisəsini aparmayıb. Bu səbəbdən yeni preparatın daha ucuz alternativlə müqayisədə əlavə üstünlük təmin edib-etməyəcəyi hələlik məlum deyil.
Şirkət qadın tipli saç tökülməsinə qarşı preparatın üçüncü mərhələ klinik sınaqları üçün qadın iştirakçıların qeydiyyatına başlayıb. Nəticələrin 2027-ci ilin ilk yarısında açıqlanması gözlənilir.
Veradermics ümid edir ki, preparat yaxın zamanda satışa çıxarılacaq və irsi keçəlliyə qarşı FDA tərəfindən təsdiqlənən ilk hormonal olmayan ağızdan qəbul edilən müalicə vasitəsi olacaq.