Akif Aşırlı Ankarada çağırış etdi: Türk dünyası saxta xəbərlərə qarşı birləşməlidir

  • Türk dünyasının ortaq dili və mədəni yaddaşı Ankarada müzakirə olundu

Türk dünyasının ortaq dil, mədəniyyət və tarixi yaddaşının qorunması Ankarada keçirilən beynəlxalq forumun əsas müzakirə mövzularından olub.

Sherg.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkil etdiyi “Türk Dünyası Dialoq Forumu” çərçivəsində “Qaspıralının izi ilə: Türk dünyasında dil, mədəniyyət və yaddaş” adlı panel təşkil olunub.

Ankarada keçirilən panel TÜRKSOY-un Baş katibi Sultan Raevin açılış nitqi ilə başlayıb. Müzakirəyə MHP sədrinin baş müşaviri, İsmayıl Qaspıralı Xarici Siyasət İnstitutunun rəhbəri, professor Esma Özdaşlı moderatorluq edib.

Paneldə “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə yanaşı, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyətini təmsil edən alim, yazıçı və ictimai xadimlər iştirak ediblər.

Sultan Raev çıxışında İsmayıl Qaspıralının 1883-cü ildə Bağçasarayda nəşrinə başladığı “Tərcüman” qəzetinin türk xalqları arasında mədəni əlaqələrin qurulmasında mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, Qaspıralının “Dildə, fikirdə, işdə birlik” ideyası bu gün də türk dünyasının ortaq düşüncə və əməkdaşlıq xəttinin əsas istiqamətlərindən biridir.

Baş katib türk dünyasının yalnız müasir siyasi sərhədlərlə məhdudlaşmadığını, geniş coğrafiyada formalaşmış ortaq sivilizasiya irsinə söykəndiyini vurğulayıb. O, tarixi yaddaşın qorunmasının yalnız keçmişi xatırlamaq deyil, həm də gələcək nəsillərə ortaq dəyərləri ötürmək baxımından əhəmiyyət daşıdığını qeyd edib.

Raev ortaq əlifba ilə bağlı təşəbbüslərlə yanaşı, dil tədrisinin, terminologiya birliyinin və nəşriyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyinə diqqət çəkib. O bildirib ki, məqsəd yalnız eyni əlifbadan istifadə etmək deyil, türk xalqlarının bir-birinin ədəbiyyatını, elmi nailiyyətlərini və düşüncə dünyasını daha yaxından tanımasına nail olmaqdır.

Mədəniyyət və incəsənətin xalqlar arasında yaxınlaşmanın mühüm vasitəsi olduğunu bildirən Raev televiziya serialları, filmlər və musiqinin bəzən rəsmi təşəbbüslərdən daha geniş auditoriyaya təsir göstərdiyini söyləyib. O, Qaspıralının irsini yaşatmağın onun fikirlərini təkrarlamaqla deyil, yenilikçi düşüncəsini və fəaliyyət əzmini müasir dövrdə davam etdirməklə mümkün olduğunu vurğulayıb.

Akif Aşırlı ortaq terminologiyanın əhəmiyyətini vurğuladı

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı çıxışında İsmayıl Qaspıralının ortaq türk dili və əlifbası ideyasına verdiyi töhfələrdən danışıb. O, Qaspıralının qadınların da yazıçı kimi fəaliyyət göstərə bildiyi nəşrlərə yer verməsini və qadın hüquqlarını müdafiə etməsini xüsusi qeyd edib.

A.Aşırlı “Tərcüman” qəzetində müxtəlif coğrafiyalarda yaşayan türk xalqlarının anlaya biləcəyi ortaq dildən istifadə olunmasının tarixi əhəmiyyətinə toxunub. Bildirib ki, türk dünyasında dil birliyi istiqamətində aparılan müzakirələr XIX əsrə qədər uzanır və bu gün ortaq əlifba ilə yanaşı, ortaq terminologiyanın formalaşdırılması da prioritet olmalıdır.

Baş redaktor türk dilləri arasında söz mübadiləsinin artırılmasının, yazıçı və jurnalistlərin bu prosesə fəal töhfə verməsinin vacibliyini diqqətə çatdırıb. O, müasir dövrdə dezinformasiya və saxta xəbərlərin türk dünyasının birliyinə zərər vurmaq məqsədilə istifadə oluna biləcəyini də vurğulayıb.

A.Aşırlı media nümayəndələrini bu təhlükələrə qarşı daha məsuliyyətli mövqe tutmağa çağıraraq deyib: “Türk dünyasının birliyini pozmağı hədəfləyən təşəbbüslərə qarşı dayanmasaq, əsas vəzifəmizi yerinə yetirməyimizin heç bir mənası qalmaz”.

“Türküstan ədəbiyyatı” anlayışı müzakirə edildi

Yazıçı və jurnalist Uluqbek Orazbayulı Esdaulet Qazaxıstanla Türkiyə arasındakı münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini və bu əlaqələrin səmimi həmrəyliyə əsaslandığını bildirib.

O, İsmayıl Qaspıralının irsinin yalnız tarixi yaddaşda saxlanılmasının kifayət etmədiyini, bu ideyaların konkret hədəflərə çevrilməsinin vacibliyini qeyd edib. Esdaulet Əhməd Yəsəvi və Yunus Əmrənin yaradıcılığını ortaq türk mənəvi dünyasının ifadəsi kimi səciyyələndirib, ədəbiyyatda “Türküstan ədəbiyyatı” anlayışının genişləndirilməsinin əhəmiyyətinə toxunub.

Səmərqənd Dövlət Universitetinin professoru Juliboy Eltazarov isə türk birliyi məsələsinin 150 ildən artıqdır müzakirə olunduğunu bildirib. O, son 35 ildə Orta Asiyanın türk respublikalarında həyata keçirilən dil və yazı islahatlarının, tarixi yaddaşın bərpası istiqamətində görülən işlərin bu prosesin tərkib hissəsi olduğunu vurğulayıb.

Eltazarov milli ruhun cəmiyyətlərin inkişafında mühüm rol oynadığını qeyd edərək Türküstan coğrafiyasındakı ölkələrin milli şüurun formalaşdırılması istiqamətində həyata keçirdikləri islahatlardan danışıb.

Beynəlxalq Kantörö Şaripoviç Toktomamatov Universitetinin professoru Elmira Huribayeva türk xalqlarının ortaq mədəni kimliyinin qorunmasının əhəmiyyətini önə çəkib. O, ortaq ənənələrin xalqlar arasında qarşılıqlı anlaşmanı, həmrəyliyi və yardımlaşmanı gücləndirdiyini bildirib, türk xalqlarının dastan və dil irsindən nümunələr təqdim edib.

TDT Ağsaqqallar Şurasının Şimali Kipr Türk Cümhuriyyəti üzrə nümayəndəsi Oktay Öksüzoğlu isə çıxışında Kipr türklərinin milli kimliyini və dilini qorumaq uğrunda mübarizəsinə toxunub. O, türk olmaq ümidinin söndürülməsinə yönələn cəhdlərin nəticə vermədiyini, Kipr türk xalqının yaşadığı çətinliklərə baxmayaraq, dilindən və kimliyindən imtina etmədiyini vurğulayıb.

Forum çərçivəsində səsləndirilən fikirlər bir daha göstərib ki, İsmayıl Qaspıralının irəli sürdüyü ortaq dil və mədəni birlik ideyaları türk dünyasının müasir əməkdaşlıq gündəliyində aktuallığını qoruyur.